Logo

“Tətbiqi riyaziyyatın müasir problemləri”: Gənc tədqiqatçıların Respublika elmi konfransı

19.05.2022 14:58 462 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda gənc tədqiqatçıların Respublika elmi konfransı keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransın plenar iclasını giriş sözü ilə açan Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, akademik Məhəmməd Mehdiyev bildirib ki, fakültə 1972-ci ildə Ulu öndər Heydər Əliyevin göstərişi və şəxsi himayəsi ilə Mexanika-riyaziyyat fakültəsinin Tətbiqi riyaziyyat, Riyazi fizika tənlikləri, Nəzəri mexanika kafedraları və iki qrup tələbəsinin bazası əsasında yaradılıb. Bu illər ərzində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi böyük inkişaf yolu keçərək, BDU-nun qabaqcıl fakültələrindən birinə çevrilib.

Məhəmməd Mehdiyev qeyd edib ki, kompüter elmlərinin sürətli inkişafı riyaziyyatın yeni tətbiq sahələrini əhəmiyyətli dərəcədə artırıb. Tətbiqi riyaziyyat və kibernetika fakültəsi fəaliyyət göstərdiyi müddətdə yüksəkixtisaslı kadrlar yetişdirərək, respublikada kompüter elmlərinin inkişafına və elmi-pedaqoji kadrların hazırlanmasına önəmli töhfələr verib.

Konfransın təşkilat komitəsinə Azərbaycan, rus və ingilis dillərində ümumilikdə 152 elmi iş daxil edilib.

Konfransda BDU-nun bakalavr, magistr, doktorant və gənc tədqiqatçıları ilə bərabər, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Lənkəran Dövlət Universiteti və Azərbaycan Universitetinin tədqiqatçıları da iştirak ediblər.

Konfrans öz işini daha sonra bölmə iclasları ilə davam etdirib. Qarşılıqlı diskussiya şəraitində davam edən konfrans sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbər lenti