Logo

SAT suallarını satan şirkət rəhbəri və tanışı həbs edilib - RƏSMİ

19.05.2022 16:27 457 baxış
IMG

Xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul imtahanlarınnı suasllarını satan şəxslər həbs edilib.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, sualların satışını təşkil edən şirkət rəhbəri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin aidiyyəti strukturu ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş İdarədə  cinayət işi başlanmaqla istintaq aparılır.

“Uğur İstanbul 2012” MMC-nin direktoru Məmmədov Cahid Sabit oğlunun fərdi qaydada vətəndaşların xaricdə təhsil almasında köməklik göstərilməsi ilə məşğul olan Əliyev Şahin Sevindik oğlu və digər şəxslərlə qabaqcadan əlbir olub “College Board” özəl təşkilatının Təhsil Test Xidməti (“Educational Testing Service”) üzrə imtahan növü olan “SAT” test-sxolastik qabiliyyət imtahanının (Scholastic Aptitude Test) sual-məlumat bazasını nüfuz alveri etməklə külli miqdarda pul vəsaiti müqabilində satmasının üstü açılıb. Belə ki, onların bu növ imtahanların keçirilməsinə lisenziyası olan Türkiyə Respublikasının İzmir və İstanbul şəhərlərində yerləşən təhsil mərkəzlərindən qanunsuz əldə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətlərin davamı kimi, Cahid Məmmədovun qanunsuz əldə etdiyi həmin sualları direktoru olduğu MMC və Bakı şəhərində fəaliyyət göstərən “Uğur N” MMC adlı digər tədris müəssisəsi, habelə qabaqcadan əlbir olduğu Şahin Əliyev və başqalarının vasitəsi ilə külli miqdarda pul vəsaiti müqabilində Türkiyə və Azərbaycan respublikaları ərazisində ayrı-ayrı şəxslərə satıb yaymasına, bununla da “College Board” təşkilatının və cəmiyyətin təhsil müəssisələrinə qəbulun beynəlxalq səviyyədə müəyyən olunmuş standartlar üzrə şəffaf və obyektiv əsaslarla həyata keçirilməsinin, məxfiçiliyin, rəqabətliliyin və təhsilin effektivliyinin təmin edilməsi ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Cahid Məmmədov və Şahin Əliyevin Cinayət Məcəlləsinin 202.1 (kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 312-1.2-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli və obyektiv yoxlanılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti