Logo

Direktor: “AMEA-nın tərkibində olmaq fəaliyyətimizə uyğun deyildi”

19.05.2022 16:48 270 baxış
IMG

Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva rəhbərlik etdiyi qurumun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturundan çıxarılması məsələsinə münasibət bildirib.

Aytən Mustafayeva APA-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Fərman onların fəaliyyətinin daha səmərəli təşkili üçün şərait yaradacaq.

“Çünki Hüquq və İnsan Haqları İnstitutunun məqsədi cəmiyyətin demokratikləşməsi, insan hüquq və azadlıqlarının problemlərinə dair tədqiqat işlərinin aparılması, hüquqi ekspertiza və qanunvericilik sahəsində hüquqi biliklərin dərinləşdirilməsidir. Bu səbəbdən AMEA-nın tərkibində olmaq bizim fəaliyyətimizə uyğun deyildi. Eyni zamanda, AMEA-nın tərkibində olanda maliyyə problemləri var idi. Gənc və perspektivli hüquqşünasların cəlb edilməsi üçün isə maliyyələşmə olduqca əhəmiyyətlidir. Bu səbəbdən publik hüquqi şəxsə çevrilmək fəaliyyətimiz üçün daha uğurlu olacaq”, - qeyd edib.

Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının strukturundan çıxarılıb. Bu barədə Prezident İlham Əliyevin imzaladığı Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərmanda qeyd olunub. Fərmana əsasən “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil ediləcək.

Xəbər lenti