Logo

BSU-da Məmməd Səid Ordubadinin 150 illik yubileyi qeyd olunub

19.05.2022 17:21 333 baxış
IMG

Mayın 19-da Bakı Slavyan Universitetində (BSU) Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə görkəmli nasir, şair, dramaturq, jurnalist, publisist, tərcüməçi, ictimai xadim Məmməd Səid Ordubadinin 150 illik yubileyinə həsr olunmuş “Qılıncın gücü, sözün sehri” adlı tədbir keçirilib.

BSU-dan bildirilib ki, Filologiya fakültəsinin dekanı səlahiyyətlərini icra edən dosent Sədaqət Əsgərova tədbirin ədəbiyyat tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Bildirib ki, böyük yazıçı Məmməd Səid Ordubadinin Azərbaycan xalqının çoxəsrlik zəngin tarixini əks etdirən romanları həmişə oxucuların yaddaşında qalacaq.

Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Səməngül Qafarova “Məmməd Səid Ordubadinin həyat və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə görkəmli yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, Azərbaycan ədəbiyyatında tarixi roman janrının yaradıcısı olması, zəngin və çoxşaxəli irsi dolğun təhlil edilib. Vurğulanıb ki, məşhur yazıçının əsərləri müasir dövrümüzdə də aktuallığını qoruyub saxlayır və maraqla oxunur.

Məmməd Səid Ordubadinin Xatirə Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Lalə Abaszadə çıxışında bildirib ki, özünəməxsus yaradıcılıq üslubu, bənzərsiz dəst-xəti ilə seçilən və ədəbiyyatın müxtəlif janrlarında yazıb-yaradan, şəxsiyyəti ilə yaradıcılığı vəhdət təşkil edən Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında parlaq iz qoyub və onun əsərləri bu günümüzlə səsləşir.

Müasir rus dili kafedrasının müdiri professor İlyas Həmidov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının əməkdaşları Rasimə Əsgərova, Gülqız Adilova və Fatma Əsədova tədbirin böyük yazıçının gənc nəslə tanıdılması və təbliğində rolunu müsbət qiymətləndiriblər.

Sonda Filologiya fakültəsinin tələbələri ədibin “Qılınc və qələm”, “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər” tarixi romanları, həmçinin “Molla Nəsrəddin” jurnalı redaksiyasındakı fəaliyyəti barədə məlumat veriblər.

Xəbər lenti