Logo

Türkiyənin tanınmış ədəbiyyatşünas alimi və yazıçısı BDU-da olub

19.05.2022 17:51 401 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Söz” yaradıcılıq birliyinin təşəbbüsü ilə Türkiyənin Erzincan Binali Yıldırım Universitetinin professoru, tanınmış ədəbiyyatşünas alim və yazıçı Ali Kafkasyalı ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov professor Ali Kafkasyalının həyat və fəaliyyətindən, BDU-nun Filologiya fakültəsi ilə bağlılığından, Azərbaycana sevgisindən, ədəbi-mədəni irsimizin tədqiqi və beynəlxalq miqyasda təbliği istiqamətində gördüyü işlərdən söz açıb. Keçirilən görüşün xüsusi əhəmiyyət daşıdığını vurğulayan dekan fakültənin dəvətini qəbul etdiyi üçün qonağa təşəkkürünü bildirib. Qeyd edib ki, Ali Kafkasyalı BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının magistrantı və aspirantı olub, mərhum ədəbiyyatşünas alimlər Azad Nəbiyev və Əzizə Cəfərzadənin elmi rəhbərliyi ilə “Mikayıl Azaflının yaradıcılıq yolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, “Söz” yaradıcılıq birliyinin rəhbəri Məti Osmanoğlu Ali Kafkasyalının elmi-pedaqoji fəaliyyətinin Azərbaycan ədəbiyyatı ilə bağlılığından, altı cildlik “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nın, habelə “İran coğrafiyasında türklər”, “İran türkləri”, “İran türklərinın aşıq mühiti” və “İran aşıq sənəti və milli kimlik” adlı qiymətli əsərlərin müəllifi kimi elmi araşdırmalarının əhəmiyyətindən bəhs edib. Məti Osmanoğlu xüsusilə “Qafqaz qaçaqları” və “Qartallar sınır tanımaz” adlı romanlarının ədəbi-bədii özəlliklərini, tarixi faktların obyektiv-bədii təqdimi baxımından xüsusi önəm daşıdığını diqqətə çatdıraraq, əsərlərin geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılandığını vurğulayıb, müəllifə yaradıcılıq uğurları arzulayıb.

Sonra söz qonağa verilib. Professor Ali Kafkasyalı Azərbaycanda elmi fəaliyyətinə dəstək olmuş görkəmli alim və ziyalıları böyük minnətdarlıqla xatırlayıb. Bildirib ki, aşıq ədəbiyyatına xüsusi marağı sonradan onun elmi yaradıcılığının əsas mövzusuna çevrilib, Mikayıl Azaflı irsinin tədqiqi ilə başlayan yol Cənubi Azərbaycan aşıq sənətinin geniş tədqiqinə gətirib çıxarıb.

Ali Kafkasyalı 1920-30-cu illərdə Azərbaycanda bolşevik zülmündən qurtulmaq üçün üsyan qaldırmış, ədalətsizliyə qarşı ölüm-dirim mübarizəsi aparmış, sonradan Türkiyədə məskunlaşmış insanların həyatından bəhs edən “Qafqaz qaçaqları” və “Qartallar sınır tanımaz” romanları ilə tariximizin hələ layiqincə açılmamış səhifələrini işıqlandırmağa çalışdığını vurğulayıb. Qeyd edib ki, bu romanlar bir zamanlar qaçaq hərəkatında iştirak etmiş insanların xatirələri, eləcə də həm Azərbaycan, həm də Türkiyə arxivlərində saxlanılan sənədlər əsasında qələmə alınıb.

Sonra Ali Kafkasyalı tələbə və müəllimlərin suallarını cavablandırıb, Mikayıl Azaflının şeirlərindən nümunələr səsləndirib, iştirakçılara öz imzasıyla kitablarını hədiyyə edib.

Tədbirin sonunda Mikayıl Azaflının nəvəsi Roman Azaflı sazda aşıq havaları ifa edib.

Xəbər lenti