Logo

V "Xarıbülbül" Festivalının unudulmaz təəssüratları - Şahanə Müşfiq yazır

19.05.2022 19:51 298 baxış
IMG

Şahanə MÜŞFİQ

Əvvəllər Şuşamızın, indi isə bütün Azərbaycanın və Qarabağ zəfərli müharibənin simvolu olan Xarıbülbül gülü bu günlərdə yenə də dillərdə dastan idi. Tarix boyu Qarabağa gələnlər bu gülün seyrinə dalarmışlar. İndi isə bütün dünyanın dilində yenidən "Xarıbülbül" səslənir. Özü də indi bu Xarıbülbül təkcə gül deyil, qələbədir, əzəmətdir, vüqardır, mədəniyyətdir, festivaldır.

Hə, söhbət qələbəmizdən sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yenidən bərpa olunan və bu il 5-cisi keçirilən "Xarıbülbül" beynəlxalq festivalından gedir. Məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayan və hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin iştirakı ilə gerçəkləşərək, təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunan "Xarıbülbül" Beynəlxalq Festivalı artıq iki ildir ki, yenidən Şuşamızın adını dünyaya duyurmaqdadır.

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak etdilər. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən "Şuşa İli"ndə keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunmuşdu. Mayın 14-də başa çatan festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin, Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılmışdılar.

Bir əsrə yaxındır Azərbaycan mədəni həyatında və yaradıcılıq təhsilində önəmli rola malik, ölkəmizin əsas yaradıcı ali məktəblərindən biri olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) də bu festivalda çox aktiv və layiqincə təmsil olunurdu. Başda rektor olmaqla, universitetin müəllimlərinə, məzunlarına və tələbələrinə qədər çox sayda ADMİU-lu incəsənət nümayəndələrimiz "Xarıbülbül" festivalında həm iştirakçı, həm də tamaşaçı kimi təmsil olunurdular. Onların bəziləri həm V "Xarıbülbül" festivalı, həm də Şuşa səfərləriylə bağlı hisslərini "525-ci qəzet"lə bölüşdülər.

"Şuşada keçirilən bu cür festivallarla qürur duyuram"

V "Xarıbülbül" festivalının açılışında iştirak edən ziyalılarımızdan biri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova Şuşa səfəri və festivalın ona bənzərsiz duyğular yaşatdığını deyir: "Mayın 12-də Şuşanın azadlığından sonra ora ilk səfərim baş tutdu. Əlbəttə, bu, mənim həyatımda çox böyük hadisə idi. Mən Şuşada tələbəlik illərimdə olmuşdum. 1983-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının ikinci kurs tələbəsi idim. Həmin ilin yayında bizi Şuşaya təcrübəyə - folklor nümunələri toplamaq üçün aparmışdılar. Ondan sonra isə məlum səbəblərdən uzun illərdir ki, mən də hamı kimi Şuşa həsrətini çəkirdim. Çox şadam ki, nəhayət Şuşaya getmək nəsib oldu. Heydər Əliyev Fonduna xüsusi təşəkkür edirəm ki, V "Xarıbülbül" festivalının açılış mərasiminə dəvət olunan qonaqlar arasında mən də vardım. Bu mərasimdə iştirakımla böyük fəxr duyuram.

Şuşaya gedən Zəfər yolunu qalxdıqca qəhrəman ordumuzun, xüsusi təyinatlılarımızın müharibə boyunca çəkdiyi zəhmətlər, Şuşa uğrunda göstərdikləri şücaətlər, müharibə günləri və ondan sonra cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışları gözüm önünə gəlirdi və Şuşanın fəthinin nə qədər böyük əhəmiyyətə malik olduğunu düşünürdüm. Doğrusu, bu fikirlər heç ağlımdan çıxmırdı. Zəfər yolu necə də gözəl təmir olunub. Bu əzəmətli şəhərin o cür yüksəklikdə yerləşməsinə baxmayaraq, oraya çəkilən yol sayəsində getmək də rahatdır.

Şuşada festivalın açılışı da çox əzəmətli idi. Cənab Prezidentin və I vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı hamımızı ruhlandırırdı. Güclü yağış yağmasına baxmayaraq, əhvalımız çox yüksək idi və istər tamaşaçılar, istərsə də səhnədəki çıxışçılar böyük şövqlə, ruh yüksəkliyiylə orda iştirak etdik.

Mədəniyyət paytaxtımız olan Şuşadan çox böyük təəssüratlarla qayıtmışam. Çox istərdim ki, bizim universitetimizin tələbələri orada tamaşalarıyla, konsert proqramlarıyla çıxış etsinlər. İnanıram ki, yaxın gələcəkdə Şuşada həyat öz normal axarına qayıtdıqca bütün bu istəklərimiz, arzularımız da reallaşacaq. Şəhərin küçələrini gəzdikcə orda gedən abadlıq, quruculuq, bərpa işlərinin şahidi olduq.

Mən hər kəsi gözəl Şuşamızı ziyarət etməyə çağırıram və ümid edirəm ki, biz də Mədəniyyət və İncəsənət Universitetinin kollektivi olaraq yaxın zamanda bu gözəl şəhərimizi birlikdə ziyarət edəcəyik".

"...hər kəs buna iş kimi deyil, mənəvi borc kimi yanaşırdı"

Festivalın baş rejissoru, Əməkdar incəsənət xadimi, ADMİU-nun dosenti Hafiz Quliyev festivalın hazırlanma prosesi haqqında yüksək fikirlər səsləndirdi: "Gözəl Şuşamızda keçirilən V "Xarıbülbül" festivalı həm mənəvi baxımdan, həm də öz gözəlliyiylə möhtəşəm idi. Bir rejissor kimi deyə bilərəm ki, builki proqram çox zəngin idi. Bura dünyanın müxtəlif ölkələrindən - Türkiyə, Gürcüstan, Misir, Bolqarıstan, Pakistan, Özbəkistan, Malidən və başqa ölkələrdən, eləcə də Azərbaycanın regionlarından xeyli sayda folklor kollektivləri dəvət olunmuşdu. 8 konsert keçirildi. Professional ansambllar iştirak edirdi. Bir-birindən maraqlı, rəngarəng proqramlar baş tutdu və biz ayrı-ayrı xalqların folklor nümunələrini Şuşadan bütün dünyaya təqdim etdik. Çox sevindirici haldır ki, bu festivalda əməyi olan hər kəs buna iş kimi deyil, mənəvi borc kimi, eyni zamanda, böyük sevgi və ürəklə yanaşırdı. Sanki hamı istəyirdi ki, öz ürəyinin töhfəsini bu tədbirə qatsın".

"Sanki Şuşa özü bizi sevir və öz qoynunu bizə elə doğmalıqla açır ki, kimsə ondan doymur"

ADMİU-nun nəzdində Humanitar Kollecin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərmin Qaralova özünü nağıllar aləmində hiss etdiyini deyir: "Təbii ki, Şuşaya getmək hər kəs kimi mənim də arzum idi. Bu səfərimə səbəb isə "Xarıbülbül" festivalı olduğu üçün çox xoşbəxtəm. Bütün bu festivalların, beynəlxalq tədbirlərin də əsas məqsədlərindən biri insanları bir araya gətirmək, mədəniyyətlərarası birlik yaratmaqdır. V "Xarıbülbül" festivalı isə xalqların folklorunun Şuşada görüşməsi idi.

Xəyallarımızın şəhəri Şuşada keçirdiyim hissləri ifadə edəcək bir söz tapa bilmirəm. Özümü sanki nağıllar aləmində hiss edirdim. Məsələ, təkcə gözəllikdə deyil. Şuşanın mistik, cazibədar, sehrli aurası var, məncə. Sanki Şuşa səma altındakı bir muzeydir. Bu ecazkar şəhəri festivalda səslənən musiqi sədaları altında gəzmək isə tamam ayrı ab-hava yaşadırdı.

Bəlkə də Şuşa sevgim, Şuşa həyəcanım dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə olan sonsuz sevgimdən qaynaqlanır. O, uşaqlıqdan mənimçün tamam başqa insan olub və hətta həmişə düşünürdüm ki, kaş, Üzeyir Hacıbəyli ilə eyni dövrdə yaşayardım. Bakı Musiqi Akademiyasına da onun orda heykəli var, o, orda olub, orda gəzib deyə qəbul olmuşdum. Ora qəbul olacağım günü o qədər böyük səbirsizliklə gözləyirdim ki. İndi isə təsəvvür edin ki, Üzeyir Hacıbəylinin yaşadığı, yaratdığı, havasını udduğu, suyundan içdiyi, küçələrində gəzdiyi Şuşaya ayaq basmaq mənimçün necə fövqəladə bir hadisə idi. Sanki ayağımı yerdən kəsmişdilər. Şuşalı deyiləm, heç vaxt da orda olmamışam. Amma bu şəhər mənə o qədər doğma idi ki, sanki burda doğulub, burda böyümüşəm. O hissi yaradan da Şuşanın isti enerjisidir, yəqin. Sanki Şuşa özü bizi sevir və öz qoynunu bizə elə doğmalıqla açır ki, kimsə ondan doymur. Şuşa birliyin, mərdlik, gözəllik, mədəniyyət və ən gözəl ənənələrin simvoludur. Hər addımda qürur və  məsuliyyət hissi keçirirdik... Hər qarışı qəhrəman oğullarımızın canı, qanı bahasına azad edilib, onların haqqı ödənməz. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik".

"Orda keçirdiyim iki günü hələ də nağıl kimi hiss edirəm"

ADMİU-nun məzunu, VII Muğam Televiziya Müsabiqəsinin qaliblərindən gənc və istedadlı xanəndə Rəvan Qaçayev də festivala öz gözəl səsiylə rəng qatan ifaçılarımızdan oldu: "Bu gözəl şəhərin haqqında çox eşitmişdik, arxiv fotolarında, videolarında görmüşdük. Amma mən bu qədər böyük möhtəşəmliklə qarşılaşacağımı təsəvvür etmirdim. Onun havası, suyu, doğmalığı bambaşqa ab-hava yaradırdı. Orda keçirdiyim iki günü hələ də nağıl kimi hiss edirəm.

Şuşa şəhidlərimizin, qazilərimizin qanlarıyla aldığımız müqəddəs torpağımızdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Ordakı hər anımızda hamımız məhz onları anır, ruhlarına rəhmət oxuyurduq.

İnşallah, şuşalılar öz yurd-yuvalarına qovuşsunlar, orda daimi məskən salsınlar, yaşayıb, yaratsınlar. Biz də hər zaman könül rahatlığıyla Şuşaya gedib-gələ bilək. Etiraf edim ki, bu səfərimlə mən həm də orda yetişən sənətkarlarımızın - Seyid Şuşinskinin, Xan Şuşinskinin, Bülbülün və başqalarının niyə bu cür möhtəşəm səsə malik olduqlarını anladım. Oranın havasındakı, suyundakı, torpağındakı enerji ilə böyüyən insan başqa cür ola da bilməzdi".

Xəbər lenti