Logo

ABŞ universitetindən təqaüd qazanan tələbə: “Uğurumu Bakı Ali Neft Məktəbinə borcluyam” - MÜSAHİBƏ

19.05.2022 22:14 514 baxış
IMG

Sənan Həsənov Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsidir.

"Tehsil.biz"in məlumatına görə, o, 2017-ci ildə bu ixtisasa 685 balla daxil olub. Sənan magistratura təhsili almadan birbaşa ABŞ-də tam təqaüdlə doktorantura pilləsinə qəbul olunub. BANM-in tələbəsi Mərkəzi Florida Universitetində (University of Central Florida) Kompüter elmləri ixtisasının kibertəhlükəsizlik istiqaməti üzrə təhsil alacaq. Onun bu universitetdən qazandığı təqaüdün məbləği 125 min ABŞ dollarıdır. Sənan seçim etdiyi universitetdən başqa, Ohayo Universiteti, Vaşinqton Universiteti, Arlinqtondakı Texas Universitetindən də təklif alıb. O, təhsil almaqla yanaşı, “Azerconnect” şirkətində Sızma/nüfuzetmə mütəxəssisi vəzifəsində çalışır, həmçinin müqavilə əsasında Ukraynanın “Eska Global” şirkəti ilə əməkdaşlıq edir. 

- Sənan, Bakı Ali Neft Məktəbində aldığınız təhsilin əldə etdiyiniz uğurda hansı rolu olub? 

-Bakı Ali Neft Məktəbində aldığım təhsil zamanın tələblərinə tam cavab verir. Burada bizə istifadə müddəti bitmiş texnologiyalar deyil, ən yeni dərsliklərdən hazırda istifadə olunan texnikalar haqqında öyrədilir. Bu, isə mənə professorlarla müsahibə zamanı onların verdiyi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməyə imkan verdi. Bundan əlavə, BANM-də qazandığım ilkin araşdırma bacarıqları ilə professorun verdiyi layihə tipli tapşırığı qısa zamanda həll edib təhvil vermişdim. Buna görə də uğurumu Bakı Ali Neft Məktəbindəki müəllimlərimə borcluyam.

- Nəyə görə ABŞ-də təhsil almaq qərarını verdiniz?

- ABŞ universitetləri dünya reytinqlərində ön sıralardadır.Təhsilimi davam etdirəcəyim kibertəhlükəsizlik sahəsi üzrə də ABŞ dünyanın aparıcı ölkəsidir. Buradakı təhsil və sonrasında nüfuzlu şirkətlərdə kibertəhlükəsizlik üzrə tədqiqatçı kimi iş imkanları da məni ABŞ-də təhsil almağa motivə edən səbəblərdən idi. Həmçinin, "Black Hat USA", "DEF CON", "USENIX Security" kimi mənim maraq dairəmə uyğun konfranslar da hər il burada keçirilir. Bütün bu faktorlar ABŞ-də təhsilimi davam etdirmək qərarıma səbəb oldu.

- 5 il ərzində Ali Məktəbdə hansı sosial fəaliyyətləriniz olub? Bu fəaliyyətlər sizə nə qazandırıb? 

- 2 ildən çox müddətdə Bakı Ali Neft Məktəbində Film klubunun prezidenti olaraq fəaliyyət göstərmişəm. Komandamla birlikdə hər həftə keçirilən film sessiyaları ilə həm universitetə yeni daxil olmuş tələbələrimizin ingilis dili bacarıqlarının inkişafı, həm də digər tələbələrlə birgə səmərəli vaxt keçirmələri üçün çalışmışıq. Həmçinin, İntellektual Oyunlar Klubunda yarışların təşkilatçısı və iştirakçısı olmuşam. Bütün bunlar mənim fərd olaraq formalaşmağımda rol oynayıb və yeni dostlar qazanmağıma şərait yaradıb.

- ABŞ-dəki Universiteti hansı xüsusiyyətlərinə görə seçmisiniz?

-Universitet seçimi zamanı əsas prioritetlərim həmin universitetlərdə aparılan tədqiqatların maraq dairəmə uyğun olub-olmaması və universitetin kibertəhlükəsizlik sahəsindəki uğurları idi. Mərkəzi Florida Universiteti bu sahədə böyük uğurlara imza atıb və kibertəhlükəsizlik tədqiqatlarının aparılmasında kömək olacaq kifayət qədər resurslara sahibdir.

Xəbər lenti