Logo

Təhsildə yeniliyə can atanlar

20.05.2022 09:26 90 baxış
IMG

V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələri

Məlum olduğu kimi, artıq bir neçə ildir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir. Təhsil sahəsində baş verən mütərəqqi dəyişikliklərin davamı olaraq bu müsabiqələrin başlıca məqsədi təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti, yeni ideyaları stimullaşdırmaqdan ibarətdir. Cari tədris ilində keçirilən V Qrant müsabiqəsinin aşağıda oxuculara təqdim etdiyimiz qalib layihələri də təhsildə yeniliklərə can atan müəllimlərimizin səmərəli axtarışlarının bəhrəsi kimi diqqətçəkicidir.

" Məktəblilər arasında maliyyə savadlılığının artırılması"

Masallı rayonu M.Qarayev adına Sığıncaq kənd tam orta məktəbin coğrafiya müəllimi Fərəc Cəfərovun V Qrant müsabiqəsində qalib gəlmiş layihəsi “Məktəblilər arasında maliyyə savadlılığının artırılması” mövzusuna həsr olunub.  Son illərdə dünyanın bir sıra təhsil sistemlərində aktual olan  mövzu barədə layihə rəhbəri məlumat verir:

- Məlum olduğu kimi, qloballaşma dövründə daxili qənaət ölkə iqtisadiyyatının inkişafı üçün lazımi investisiyaların əsas mənbəyi kimi böyük əhəmiyyət kəsb edir. Sürətlə inkişaf edən ölkəmizdə diqqət yetirilən əsas sahələrdən biri də maliyyə savadlılığıdır.Ölkə başçısı İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənmiş " Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə  maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması ayrıca strateji hədəf kimi qeyd olunmuş və maliyyə savadlılığının əhəmiyyəti bir daha vurğulanmışdır.
Layihənin əsas məqsədi  məktəbli şagirdlərin maliyyə savadlılığının artırılması, onların pulu idarəetmə bacarıqlarına yiyələnməsinə nail olmaqla yanaşı, məktəblilərin maliyyə bacarıqlarının formalaşması və artırılmasında yaxından iştirak etmək olub. Pula münasibət, maliyyə davranışları uşaq yaşlarından formalaşdığı üçün məhz maliyyə savadlılığına məktəb yaşlarından başlanılmalıdır. Bu sahədə maarifləndirmə onların gələcəkdə düzgün maliyyə qərarları verməsində və ailə büdcələrinin formalaşmasında böyük əhəmiyyət daşıyır.

Layihə çərçivəsində təşkil olunmuş təlimlərə  Masallı rayonu üzrə 8 məktəbdən 221 şagird qatılıb və  onlara sertifikatlar verilib.            

“Gənclərin uğurlu karyera yolu”

Müasir dövrdə təhsil sistemləri qarşısında duran əsas vəzifələrdən biri təhsilalanlarda düzgün peşə seçiminin formalaşdırılmasıdır. Laçın rayon Habil Həsənov adına Mişni kənd tam orta məktəbin müəllimi Gülnar İsmayılovanın  V Qrant müsabiqəsində qalib gəlmiş  “Gənclərin uğurlu karyera yolu” layihəsi də bu baxımdan aktuallığı ilə seçilir.

 - Orta məktəb məzunlarının müstəqil həyatda qarşılaşdıqları əsas problemlərdən biri də onların düzgün peşə seçimi edə bilməmələridir. Düzgün karyera seçimi doğru yolda addımlamaq üçün əsas amillərdən biridir; Uğurlu iş həyatının başlanğıcı, təməl nöqtəsidir. Universitetə hazırlaşan abituriyentlər çox zaman hansı ixtisası və niyə seçəcəklərini bilmirlər. Çox vaxt ya balları çatacaq ixtisasları yazırlar, ya da valideynləri haranı məsləhət görərsə, oranı da qeyd edirlər. Bu isə həmişə doğru qərar olmaya bilir. “Gənclərin uğurlu karyera yolu”  layihəsi çərçivəsində təşkil olunan  təlimlər sayəsində isə təhsilalanlar həyatdakı məqsədlərini,  bacarıqlarını, dəyərlərini, seçimlərini, həqiqətən də nəyi, niyə görə istədiklərini anlayaca biləcəklər. Bu layihə onları özlərini yaxından tanımağa, özünüinkişafa sövq edəcək.  Bu təlimlərin nəticəsi şagirdləri həyata hazırlayır. Layihə şagirdlərə özlərini həyatda tapmağa kömək edəcək. Proaktiv,  motivasiyalı bir gənc kimi yetişmələrində ayna effektini göstərəcək. Həmçinin şagirdlərin cəmiyyətdə tanınması, uğurlu bir gənc kimi ölkəsinə fayda verməsi üçün layihə öyrədici və faydalılıq prinsiplərini özündə daşıyır.

Məlumdur ki, ucqar kənd məktəblərində şagirdlər bu problemlə daha çox rastlaşırlar. Təhsil Nazirliyi tərəfindən İsrailə göndərilmiş və orada təlim keçmiş beynəlxalq sertifikatlı müəllim olaraq bu layihəni həyata keçirməyə qərar verdim.  Ağcabədi rayonunda yerləşən kənd məktəbləri üçün bu layihəni reallaşdırmağı özümə borc bildim. Layihə üçün kənd məktəblərindən şagirdlər seçmək və onlara dəstək olmaq üçün təlimlərə cəlb etməyin faydalılığını düşündüm.

Layihəni reallaşdırmaq üçün online təlim kursuna dair maarifləndirmə işinin təşkili məqsədilə rayon təhsil şöbəsinin dəstəyi ilə məktəbləri müəyyən etdim. Peşəkar təlimçi Peykər İbrahimova tərəfindən təlimlər keçirildi. Layihə 5 məktəbi və 75 şagirdi əhatə etdi. Ötən ilin sentyabr- dekabr aylarında  həftədə 2 dəfə olmaqla,  ayda 8 dəfə "Zoom" proqramından istifadə etməklə keçirilən təlimlər özünükəşf, əmək bazarı və gələcəyin işi, məqsədlər, şəxsi brend, iş axtarışı - ənənəvi və müasir yollar, rezüme/CV və s. mövzularda təşkil olundu.
“Gənclərin uğurlu karyera yolu” təlimlərində dərsin keyfiyyəti, davamiyyəti yoxlanıldı, sonda şagirdlər sertifikatlarla təltif olundular.

“Yaradıcı kodlaşdırma”

Daşkəsən rayonu Qaratağlar kənd ümumi orta məktəbin müəllimi  Günel Şirinova   V Qrant müsabiqəsində “Yaradıcı kodlaşdırma” layihəsi ilə iştirak edib.  G. Şirinova qeyd edir ki, layihənin məqsədi  Daşkəsən rayon mərkəzində yerləşən məktəblərdə təhsil alan şagirdlərə rəqəmsal kodlaşdırma üzrə bilik, bacarıq və səriştələr aşılayaraq texnoloji savadlılıq sahəsi üzrə yaradıcı şagird formalaşdırmaqdır.

- Rəqəmsal bacarıqlar, rəqəmsal istedadlılıq və rəqəmsal yaradıcılıq son on ildə çox populyar bir anlayışa çevrilməkdədir. Rəqəmsallaşmanın təsirləri hər bir sahədə olduğu kimi, təhsil sahəsində də geniş hiss olunur. Belə ki, rəqəmsal dəyişiklik geri dönüşü olmayan bir yola qədəm qoymağa başlayıb. Bu gün bir çox iş yerlərində fəaliyyətlər  uzaqdan, rəqəmsal və elektron şəkildə aparılır və idarə edilir. Belə bir vəziyyətdə, rəqəmsal təhsildən danışarkən "rəqəmsal istedadlılıq və yaradıcılıq" əvvəlkindən daha çox diqqəti çəkməyə başlayır. Son 2 il ərzində biz  müasir İKT bilik və bacarıqların təkmilləşdirilməsi dövrünə qədəm qoymuşuq. İKT bilik və bacarıqlarına mükəmməl yiyələnməyin bünövrəsi məhz orta məktəbdən başlayır. Şagirdlər bu gün rəqəmsal dünya ilə sıx əlaqədə böyüyürlər. Bu gün hər bir şagirdin kompüter texnologiyası ilə qarşılıqlı əlaqədən aktiv yaradıcılığa keçməsi çox vacibdir.

Layihə çərçivəsində Daşkəsən  şəhər ümumtəhsil məktəblərindən təlimlərə ümumilikdə 45 nəfər şagird cəlb olunub. Layihə müddətində şagirdlərə digital (rəqəmsal) yaradıcılıq, alqoritmik düşünmə, “PYTHON” proqramlaşdırma dili, animasiyalar üçün kodların yazılması, digital (rəqəmsal) oyunların dizaynı mövzularına aid təlimlər keçirilib.

Təlimlərə  qatılan şagirdlər digital (rəqəmsal) yaradıcılıqda İKT alətləri vasitəsilə məzmun yaradaraq, özlərini yaradıcı şəkildə kəşf etmək və ifadə etmək bacarıqlarını  formalaşdırdılar. Alqoritmik düşüncə tapşırığını yerinə yetirmək üçün alqoritmlərin, yəni addım-addım təlimatların işlənməsini öyrəndilər.   Alqoritmik düşüncədən istifadəni öyrənmə şagirdləri novator şagird olaraq yetişdirdi. “PYTHON” proqramlaşdırma dilində şagirdlər kodları asanlıqla başa düşərək yazmaqla istədikləri tətbiqi yarada, animasiya kodları sayəsində oyunlara animasiyalı şəkilləri yerləşdirə bildilər. Digital (rəqəmsal) oyunların dizaynı sahəsini öyrənmələri isə oyun və tətbiqlər yaratmaq üçün şagirdlərin yaradıcı təxəyyülünü inkişaf etdirərək reallığa çevrildi.

Sonda şagirdlərlə təlimlərin qiymətləndirilməsi üzrə fikir mübadiləsi aparıldı. Təlimlərdə fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim olundu.

Oruc MUSTAFAYEV

Xəbər lenti