Logo

BMU və “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlığa dair razılaşma sənədi imzalanıb

20.05.2022 11:45 308 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) ilə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında qarşılıqlı əməkdaşlığa dair razılaşma sənədi imzalanıb.

Tehsil.biz xəbər verir ki, BMU-nun rektoru, professor Havar Məmmədov və ADY QSC sədrinin birinci müavini Əlirza Süleymanov tərəfindən imzalanan əməkdaşlıq haqqında razılaşma elm və sənaye sahələri arasında praktiki əlaqələrin genişləndirilməsini, tələbələrin təqaüd proqramlarına dəstək olunmasını, birgə proqramların təşkilini nəzərdə tutur. Bununla yanaşı, sənəd tələbələr arasında biznes ideyalarının formalaşdırılmasını, innovativ təşəbbüslərin reallaşdırılmasını, dəmiryol nəqliyyatının sahələri üzrə araşdırmaların aparılmasına dəstəyi, BMU-nun elmi potensialından yararlanmaqla əməkdaşlığın qurulmasını əhatə edir.

Razılaşma sənədində BMU-nun İqtisadiyyat və idarəetmə, Memarlıq və inşaat, Mühəndislik fakültələrində olan müxtəlif ixtisaslar üzrə bakalavr və magistr səviyyələrində təhsil alan, ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbələrin təcrübə proqramlarına cəlb edilməsi, istehsalat və elmi-tədqiqat təcrübələrində, o cümlədən seminar və təlimlərdə iştirakının təmin olunması öz əksini tapıb. Eyni zamanda, BMU-da fəaliyyət göstərən ixtiraçıların və peşəkar tədqiqatçıların aşkarlanması, onların təkliflərinin ADY-də müzakirəsi və istehsal sahələrində istifadə üçün seçilməsi tərəflər arasında əməkdaşlıq istiqamətlərinə daxildir.

Sənəddə BMU məzunlarının ADY-nin ehtiyat bazasına daxil edilərək müvafiq vakant yerlərə təcrübəçi və işçi kimi cəlb olunması üçün tədbirlərin görülməsi, onların təcrübə proqramında iştirakı və işlə təmini istiqamətində birgə əməkdaşlıq planlarının hazırlanması, həmçinin birgə elmi-texniki və elmi-praktiki konfransların, seminarların, sərgilərin həyata keçirilməsi, eləcə də ADY-nin rəhbər şəxsləri və mütəxəssisləri tərəfindən “master klass”ların təşkili kimi məsələlər də yer alıb.

Əməkdaşlığın istiqamətlərindən digəri isə elmi-tədqiqat sahəsi ilə bağlıdır və bura qeyd olunan sahədə birgə işlərin həyata keçirilməsi, eyni zamanda gələcəkdə dəmiryol nəqliyyatının sahələri üzrə elmi-tədqiqat laboratoriyasının yaradılması üçün müvafiq addımların atılması kimi məsələlər daxildir.

Xəbər lenti