Logo

Eşqi Bağırov: "Əməkdar müəllim"lər də sertifikatlaşdırmaya cəlb ediləcək” - MÜSAHİBƏ

20.05.2022 12:55 520 baxış
IMG

Təhsil Nazirliyi bu ildən etibarən müəllimlərin sertifikatlaşdırılmasına başlanacağını açıqlayıb. Bu il ilk olaraq 11 mindən çox ibtidai sinif müəllimi sertifikatlaşdırmaya cəlb olunacaq.

APA məsələ ilə bağlı Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırovun müsahibəsini təqdim edir.

Eşqi müəllim, müəllimin bilik və bacarığı zəifdirsə, bəlkə problemin kökünü elə onun təhsil aldığı ali məktəbdə axtarmaq lazımdır?

- Kifayət qədər keyfiyyətli, yaxşı müəllimlərimiz var. Vəziyyət o qədər də pis deyil. Sadəcə olaraq onların da vaxtaşırı qiymətləndirilməsinə ehtiyac var.

- Sertifikatlaşdırmada zəif nəticə göstərdiyi üçün müəllimin dərs yükü azaldıla bilər?

- Dərs bölgüsünün aparılması direktorun vəzifə səlahiyyətlərinə aiddir. Direktor da bu vəzifəni yerinə yetirmək üçün hansısa alətlərdən istifadə edir. O alətlərdən biri də müəllimin bilik və bacarıqlarının qiymətləndirilməsidir. Direktorlar bu qiymətləndirməyə müvafiq olaraq dərs bölgüsünü aparmalıdır. Bu qiymətləndirmə sertifikatlaşdırma, diaqnostik, eyni zamanda direktorun özünün dərs dinləmələri, müşahidələri ola bilər.

- Hər bir müəllimin spesifik dərs keçmə metodu ola bilər. Müsahibə zamanı bu, necə qiymətləndiriləcək?

- Müəllimin özünün öyrətmə metodu deyə bir anlayış yoxdur. Metodlar bəllidir. Təhsil standartlarında konkret olaraq qeyd olunub. Biz bunu elan etmişik. Çərçivə sənədində də yazılıb. Onlara uyğun da qiymətləndirmə aparılacaq.

- Çalışmanın son yaş həddində olan müəllim sertifikasiyadan kəsilsə belə bir il işləməyinə icazə var və daha sonra da pensiyaya çıxa bilər. Bu amil nəzərə alındıqda, həmin müəllimin sertifikasiyaya cəlb olunması nə dərəcədə önəmlidir?

- 65 yaşa qədər müəllimlər sertifikasiyaya cəlb olunacaq. Çalışmanın son yaş həddinə çatmış müəllim bir sıra amillər, o cümlədən sertifikasiya balı, dərs yükü, fəxri adı, təltifləri nəzərə alınmaqla fəaliyyətini davam etdirə bilər. Bəlkə həmin müəllim işləmək istəyəcək?! Ona görə sertifikasiyaya cəlb olunur.

- Bilik və bacarığına görə, fəxri ad almış müəllimlərimiz var. Lakin sertifikatlaşdırmadan azad olunan şəxslər sırasında həmin kateqoriyaya aid müəllimlər qeyd olunmayıb. Fəxri ad almış müəllimin sertifikasiyaya cəlb olunması nə dərəcədə doğrudur?

- Sertifikasiyadan azad olunan müəllimlərin dairəsi çox dəqiq müəyyən olunub. Başqa istisnalar nəzərdə tutulmayıb. Sertifikatlaşdırmada yüksək nəticə göstərmə gələcəkdə təltif olunma üçün də nəzərə alına biləcək meyarlardan biri olacaq. "Əməkdar müəllim" adını ona görə verirlər ki, müəllimin bütün göstəriciləri çox yüksəkdir. Digər həmkarlarından seçilməsini göstərən meyarlardan biri də sertifikatlaşdırma nəticəsidir. Buna görə də "Əməkdar müəllim" adını almış şəxslər də prosesdə iştirak edəcəklər.

- Müəllimlər arasında müsahibə mərhələsinin ədalətli keçəcəyinə dair inamsızlıq var. Bunu necə dəyərləndirərdiniz?

- Müsahibə mərhələsində müəllimi bir nəfər qiymətləndirməyəcək. 3 nəfər komissiya üzvünün olması nəzərdə tutulub. Bunlar arasında fənn müəllimi, müəssisə rəhbəri və psixoloq olmalıdır. Eyni zamanda istənilən müsabiqənin nəticəsindən apellyasiya şikayəti vermək hüququ var. Biz də bu hüququ təmin etmək məcburiyyətindəyik və edəcəyik də. Yəni, istənilən narazılığa Sertifikatlaşdırma Şurasında baxılacaq.

- Bəs komissiya üzvləri necə seçiləcək?

- Bunun üçün də meyarlar var. Lakin hələ həmin şəxslər seçilməyib.

- Bir müddət əvvəl də müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılmışdı. Sertifikatlaşdırma ilə paralel olaraq diaqnostik qitmətləndirmə də yenidən aparılacaq?

- Diaqnostik qiymətləndirmə 2018-ci ildə demək olar ki, dayanıb. Onun təkrar keçirilməsi nəzərdə tutulmur.

- Gələcəkdə orta ixtisas, peşə və ali təhsil müəssisələrində çalışan müəllimlərin də sertifikatlaşdırılması aparıla bilərmi?

- Biz bu gün ancaq ümumi təhsildən danışırıq. Ali, orta ixtisas, peşə təhsili istiqamətində bu məsələlərlə bağlı hələlik qərar qəbul edilməyib. Gələcəkdə olub-olmayacağını da deyə bilmərəm.

Xəbər lenti