Logo

Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

20.05.2022 15:38 404 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və aqrokimya, Yerquruluşu, Torpaq və şəhər kadastrı ixtisasları üzrə təhsil alan IV kurs tələbələri Quba rayonunda çöl-tədris təcrübəsində olublar.

Tehsil.biz xəbər verir ki, Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının əməkdaşları Azər Cəfərov, Qismət Xanbabayev, Günel Məmmədova və “Geoid” MMC-nin direktoru Yasin Mustafayev təcrübəyə rəhbərlik ediblər.

Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə təcrübə zamanı Universitetin Quba Tədris-təcrübə və istirahət Mərkəzinin həyətyanı təcrübə sahəsində xarakterik yerdə torpaq kəsimi ovulub. Torpaq kəsiminin morfogenetik təsviri qatlar üzrə ətraflı izah olunub. Bu zaman torpaq kəsimi, genetik horizont, genetik qat, ana süxur, torpaq törəmələri və sair anlayışlar tələbələrə praktiki və əyani göstərilib. Torpaq kəsimindən götürülmüş nümunələr fiziki-kimyəvi analiz olunması üçün Universitetə gətirilib.

Yerquruluşu, Torpaq və şəhər kadastrı ixtisasları üzrə təcrübədə isə bazanın həyətyanı ərazisi müasir geodeziya ölçü alətləri vasitəsilə plana alınıb. Bu zaman ərazi üzrə çoxsaylı nöqtələrin plan vəziyyətinə uyğun yüksəklikləri və koordinatları təyin edilib. Toplanmış məlumat bazası əsasında informasiya emal edilərək, ərazinin topoqrafik planının hazırlanması həyata keçirilib. Tərtib olunmuş ilkin planın gələcəkdə daha da təkmilləşdirilməsi, həmçinin ərazidən götürülmüş torpağın münbitlik göstəricilərinin əsasında torpaq-kadastr geoməkan məlumatlar sisteminin yaradılması nəzərdə tutulur. Görülən işlərlə yanaşı, ətraf ərazidə torpaqların kateqoriyaları və mülkiyyət növlərinin naturada tanıdılması üzrə də tələbələrə məlumatlar verilib.

Xəbər lenti