Logo

Şəbnəm qızlar İslam Kollecində “XXI əsrdən baxış: İslam və qadın” mövzusunda seminar keçirilib

20.05.2022 17:15 854 baxış
IMG

Mayın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Şəbnəm qızlar İslam Kollecində “XXI əsrdən baxış: İslam və qadın” mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova, QMİ sədrinin müavini Qəmərxanım Cavadlı, kollecin müəllim və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qəmərxanım Cavadlı mövzunun vacibliyindən danışaraq, İslamın qadına qazandırdığı hüquq və azadlıqlar, İslamda qadınların təhsilli olmasının əhəmiyyəti kimi məqamlara toxunub. Bu məqsədlə cəmiyyətdə dini maarifləndirmənin, xüsusilə İslamda ailə ənənələri, qadının mövqeyi, ona verilən dəyər mövzusunda təbliğatın aparılmasından bəhs edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova çıxışında dini maarifçilik işinin həyata keçirilməsi, xurafatla mübarizə, eləcə də cəmiyyətimizi narahat edən digər məsələlərin aradan qaldırılmasında qadınların fəal iştirakı və rolunun əhəmiyyətindən danışıb. Qadınların həyatda layiqli mövqe tutmasında onların təhsilinin əvəzolunmazlığını vurğulayan şöbə müdiri cəmiyyətin inkişaf prosesində tam iştirak etmək üçün lazım olan bilik, bacarıq və özünə inamı gücləndirməyin ən əhəmiyyətli yolunun təhsil olduğunu bildirib.

Eyni zamanda şöbə müdiri İslam dininin də qadının təhsilinə və müxtəlif sahələrdə özünü inkişaf etdirməsinə nə qədər əhəmiyyət verdiyini qeyd edərək, çıxışını “bir qızın təhsili gələcəyə, dünyamızın gələcəyinə - inkişaf edən, dinc və davamlı bir dünyaya qoyulan sərmayədir” fikri ilə yekunlaşdırıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti