Mədəniyyət naziri Anar Kərimov mayın 21-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un baş katibi Sultan Rayevlə görüşüb.
Tehsil.biz xəbər verir ki, görüş zamanı nazir Anar Kərimov 19-20 may tarixlərində Şuşa şəhərində keçirilən “Postmünaqişə humanitar gündəliyinin inkişaf etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransda aktiv iştirakına görə Sultan Rayevə təşəkkürünü bildirdi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) türk xalqları arasındakı mədəni və dostluq münasibətlərinin möhkəmlənməsində rolunu vurğuladı, eləcə də türk dünyasının mənəvi və mədəni tərəqqisi üçün əlindən gələni edəcəyinə əminliyini qeyd edib.
Nazir həmçinin ölkəmizin təşəbbüskarı olduğu bir sıra bu qəbildən olan beynəlxalq layihələrin, tədbirlərin 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Sultan Rayev də, öz növbəsində, nazirə təşəkkür edərək, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində mədəni tədbirlərin təşkilini təqdirəlayiq olduğunu və Azərbaycan Mədəniyyət Nazirliyinin reallaşdırdığı hər bir layihədə yaxından iştirak etməyə və dəstək verməyə hazır olduqlarını qeyd edib.