Logo

Gəncədə SABAH İncəsənət Festivalı keçirilib - FOTOLAR

21.05.2022 18:50 522 baxış
IMG

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin xüsusi dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və SABAH qrupunun təşkilatçılığı ilə 19-21 may tarixlərində Gəncədə SABAH İncəsənət Festivalı keçirilib.

Tehsil.biz xəbər verir ki, festivalın açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının  müavini Adil Tağıyev, SABAH İcra komitəsi rəhbərinin tədris işləri üzrə müavini Eldar Qocayev, müvafiq ali təhsil müəssisələrinin, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Mərasimdə bildirilib ki, artıq üç ildir həyata keçirilən SABAH İncəsənət Festivalının əsas məqsədi SABAH qrupları layihəsinin incəsənət yönümlü baza ali təhsil müəssisələrində (BMA, ADRA, ADMİU, AzMİU) tələbələrin nailiyyətlərini əyani nümayiş etdirmək, ölkə gəncliyi arasında təhsilə və yaradıcılığa həvəsi artırmaq, ictimaiyyəti təhsilin nailiyyətləri ilə tanış etməkdir.

İki gün davam edən festivalda Bakı Musiqi Akademiyasının SABAH qrupları tələbələrinin ifasında xor və instrumental musiqi çıxışları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, pantomima, tamaşalardan parçalar, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti SABAH qrupları tələbələrinin memarlıq layihələri (maketlər və elektron təqdimatlar), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının SABAH qrupları tələbələrinin isə dizayn və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi müşayiət edib. Bunlara əlavə olaraq, tədbir boyunca ADRA SABAH qrupları tələbələri tərəfindən bədii keramika, xalçaçılıq, toxuculuq, metal və rəngkarlıq üzrə ustad dərsləri keçirilib.

 Bununla yanaşı, Gəncə Dövlət Filarmoniyasında Bakı Musiqi Akademiyasının SABAH qrupları tələbələrinin ifasında vokal-instrumental musiqi gecəsi, Gəncə Dövlət Dram Teatrında isə "Tufan" adlı tamaşa nümayiş olunub. 

Üç gün davam edən tədbir sərgi nümayişi ilə yekunlaşacaq.

Xəbər lenti