Logo

Azərbaycan-Litva əlaqələri yüksək strateji tərəfdaşlıq səviyyəsindədir

22.05.2022 14:55 431 baxış
IMG

Bu gün qlobal dünyada istənilən dövlət üçün xarici siyasət davranışının düzgün qurulması onun gələcək təhlükəsizliyi və inkişafında əsas amillərdən biridir.

Bu gün Azərbaycan Avropa İttifaqı üçün regionda, eləcə də “Avropa Qonşuluq Siyasəti” və “Şərq Tərəfdaşlığı” proqramları çərçivəsində strateji cəhətdən mühüm əhəmiyyətə malikdir. Bunun bir neçə səbəbi var. Birincisi, Azərbaycan Aİ və üzv ölkələrin enerji şirkətləri ilə genişmiqyaslı enerji və nəqliyyat layihələri həyata keçirir. İkincisi, Azərbaycan tranzit mövqeyinə görə Aİ-nin Şərq-Qərb nəqliyyat dəhlizi konsepsiyasının əsas ölkələrindən biridir. Üçüncüsü isə, müstəqil və suveren siyasət aparan Azərbaycan strateji cəhətdən əhəmiyyətli mövqedə yerləşir. Əlbəttə ki, Aİ və Azərbaycan arasında münasibətlərdə vacib istiqamətlərdən biri də geosiyasi məsələlərlə bağlıdır. Qeyd edilməlidir ki, Aİ dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib, müharibəyə qədər 2017-ci ilin noyabrında Şərq Tərəfdaşlığı Sammitində qəbul edilmiş Birgə Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha dəstəklənib.

Cari ilin may ayının 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva V Qlobal Bakı Forumunun keçirilməsi bir daha sübut edir ki, bu gün Azərbaycan ilə Avrasiya bölgəsinin mühüm birliklərindən biri olan Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir, tərəflər arasında konstruktiv dialoq mövcuddur və bu əlaqələr şaxələndirilmiş xarakter alıb.

Litvanın dövlət başçısı Gitanas Nausedan ilə mətbuata birgə bəyanatında çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayaraq qeyd etmişdir:

“Mən bir daha Azərbaycanın mövqeyini ifadə etdim ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Biz, həmçinin gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Postmünaqişə vəziyyətinə gəldikdə, bizdə müəyyən nikbinlik var. O fakta əsaslanaraq ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir”.

Qeyd etmək lazımdır ki, son illər Azərbaycan kimi, Litva da böyük uğurla inkişaf və tərəqqi yolundadır. Bu ölkənin Avropa qitəsində və onun təhlükəsizlik arxitekturasının önəmi daim artır. Məlumdur ki, Litva Avropa İttifaqı ilə Azərbaycan arasında daha fəal əməkdaşlığın tərəfdarıdır. Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı platforması kontekstində çox önəmli ölkədir və strateji enerji tərəfdaşıdır. Birgə bəyanat zamanı bu məsələyə toxunan Litva lideri Gitanas Nausedan Litvanın Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə irəliləyişi tamamilə dəstəklədiyini bildirmişdir.
 Litva Respublikasının Prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri iki ölkə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından müsbət dəyərləndirilə bilər. Artıq Litva-Azərbaycan əlaqələri inkişafın yeni mərhələsinə qədəm qoyub və bu əlaqələri yüksək strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycanla Litva arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bir sıra sahələr üzrə imzalanan sənədlər mühüm hüquqi baza rolunu oynayır.

Beləliklə, bu gün Azərbaycanla Litva bir-birini dəstəkləyən siyasi, iqtisadi, elmi-texniki və digər sahələrdə tərəfdaş ölkələrdir. Bu iki ölkə arasında münasibətlər başlıca olaraq qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi və bir sıra digər mütərəqqi prinsiplərə söykənir.

Günay Məhərrəmova

ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri

Xəbər lenti