Logo

Məktəb direktoru təhsil ocağında saxta attestat verilməsi ilə bağlı iddialara münasibət bildirib - FOTO

22.05.2022 19:45 870 baxış
IMG

"2 gündür, sosial mediada mən Almaz Həsrətin məktəb direktoru olaraq “attestat satmağım” haqqında böhtan tirajlanır. Özü də bunu kim paylaşırmış? Bir siyasi partiyanın sədr müavini (nə o partiyanı, nə də həmin adamı tanımıram). Adətən belə adamlar dövlətin ən ali rəhbər vəzifələrinə iddia edirlər və buna görə də nə yazdıqlarını, nə danışdıqlarını 100 ölçüb 1 biçməlidirlər".

Tehsil.biz xəbər verir ki, bunları paytaxtda yerləşən 3 nömrəli məktəbin direktoru Almaz Həsrət rəhbəri olduğu təhsil ocağında saxta attestat verilməsi məsələsinə aydınlıq gətirərkən özünün feysbuk hesabında yazıb.

O bildirib ki, həqiqətən də rəhbəri olduğu 3 saylı məktəblə bağlı belə bir durum var: "Amma mən o məsələni özüm şəxsən aşkarlayıb araşdırılmasını tələb etmişəm. 2021-ci ilin noyabrında Türkiyə səfirliyindən bizimlə əlaqə saxlayıb bir məzunun attestatını dəqiqləşdirmək istəmişdilər. Mən də xahiş etdim ki, məlumat göndərsinlər. Göndərdilər. Gördüm ki, mənim hələ məktəbin direktoru olmadığım dövrə aid attestatdır və altında da mənim “imzam”. Üstəlik də direktor müavinlərinin “imzaları”. Halbuki attestatda yalnız direktorun imzası olmalıdır. Eyni zamanda bəlli oldu ki, attestatda adı yazılan məzun ümumiyyətlə bizim məktəbdə oxumayıb. Üstəlik də nə mənim, nə digərlərinin imzaları bizə aid idi. Əlavə olaraq da attestat 2019-cu ilə, yəni mənim hələ o məktəbdə direktor olmadığım dövrə aid idi. Yəni saxtalıq göz önündə idi. Ona görə də dərhal Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat verib məsələni araşdırmağı xahiş etdim".

Almaz Həsrət qeyd edib ki, bu araşdırma çox uzun çəkib və artıq məsələ prokurorluğa göndərilib: "Mən də,attestatda adı olan digər 2 şəxs də gərəkli izahatları vermişik və şəxsən xahiş etmişəm ki, bu saxtakarlığı mənim adım altında edən kimdirsə, aşkar edilsin. Biz araşdırmalara mane olmamaq üçün bu prosesin ictimailəşməməsini təmin edirdik. Amma bugünlərdə məktəbimizin rəhbərliyində olan şəxslərdən biri də izahat üçün dəvət edildikdən sonra məsələ ictimailəşdi. (halbuki o da istintaq sirrini yaymamalı idi). Üstəlik də məsələni mənim attestat satmağım kimi ictimailəşdirdilər və bunu da bir psevdomüxalif siyasi partiyanın rəhbərliyi səviyyəsində etdilər. Paylaşım edən şəxs ad çəkəcək qədər cəsarətli olmadığı üçün məlumatı kimdən aldığını belə yazmayıb. Halbuki əminliyiniz varsa, buyurub ad da çəkə bilərdiniz ki, informasiyanı sizə kim verib".

Direktor A.Həsrətin dediklərinə görə, ata adı yanlış yazılıb: "Təbii ki, mən atasının adını belə yanlış yazacaq qədər savadsız deyiləm. Hər halda bilənlər bilir, yetərincə təcrübəli pedaqoq, Respublikanın Əməkdar müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, beynəlxalq dərəcəli təlimçi, dərsliklər və ayrı-ayrı nəşrlərin müəllifiyəm. Yəni sənəd imzalayanda öz atasının adını səhv yazacaq birisi olmadığımı sübut etməyə ehtiyac yoxdur. Lakin bu yanlış bir ipucu ola bilər. Çünki mənim atamın adını məhz o cür tələffüz edənin kimliyi bəllidir".

Xəbər lenti