Logo

BDU-da narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib

23.05.2022 19:54 346 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin könüllülərinin təşkilatçılığı ilə narkomaniya ilə mübarizə tədbirləri çərçivəsində “Uçurumun bir addımlığında” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov yeniyetmə və gənclərin narkotik asılılığı və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə və BDU-da həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.

Psixoloq Ramin Allahverdiyev tədbirin əhəmiyyətli mövzuya həsr olunduğunu qeyd edərək, ailədaxili münasibətlərdən əziyyət çəkən, təhdid və təzyiqlərlə qarşılaşan uşaqların həssas dönəmlərdə xoşbəxtliyi kənarda axtardığını bildirib. O, uşaqlıqda yaranan tramvalar, özünüqiymətləndirmənin aşağı olması, sosial, fizioloji, psixoloji problemlərin narkoloji-psixoloji xəstəliklərə səbəb olduğunu vurğulayıb, “Maddə asılılığı nədir?”, “Nəyə görə asılılıq yaranır?” suallarına aydınlıq gətirib.

Hüquqşünas Şadman Əmirxanlı qanunvericilikdə narkotiklərin istifadəsi, saxlanılması və satılmasına görə nəzərdə tutulan cəza tədbirləri barədə danışıb.

Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, mayor Elşad Hacıyev narkomaniya ilə mübarizə tədbirləri haqqında məlumat verib, Polislərin çevikliyi və peşəkarlığı sayəsində keçən ilə nisbətən bu il daha çox narkotikin dövriyyədən çıxarıldığını qeyd edib. DİN rəsmisi Cinayət Məcəlləsində narkotik vasitələr və ya psixotrop maddələri, onların prekursorlarını satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, hazırlama ilə bağlı əməllərə (külli və xüsusilə külli miqdarda törədildikdə) görə cəzaların daha da sərtləşdirildiyini bildirib.

Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, hər bir şəxsin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Tədbirin sonunda maarifləndirici videoçarx nümayiş etdirilib, tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Xəbər lenti