Logo

Sevdiyi qıza görə instituta girdi, oğul arzusu ürəyində qaldı, ailəsi dağıldı... – Milli Qəhrəmanımızın anası niyə intihar etmək istəyirdi?

23.05.2022 21:17 475 baxış
IMG

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı məlumatları təqdim edir.

Mirzəyev Yusif Vəli oğlu 1958-ci il mayın 23-də Babək rayonunun Böyükdüz kəndində dünyaya gəlib. 1975-ci ildə 1 saylı Naxçıvan şəhər orta məktəbini bitirib. Yusif orta məktəbi bitirən kimi hərbi xidmətə yola düşür. Hərbi xidmətdən sonra poçtda işə düzəlir. Öz zəhməti ilə dolanan, ailəsinə qarşı həddindən artıq mehriban, qayğıkeş olan Yusifin ən böyük arzusu ali məktəbə daxil olmaq idi.

***

Bir neçə il ard-arda ovaxtkı Xalq Təsərrüfatı İnstitutuna sənəd verən Yusif hər dəfəsində imtahandan kəsilərək Naxçıvana qayıdır. Bu inadkarlığın ardında isə Yusifin qonşu qızına olan məhəbbəti dayanırmış. İstədiyi qıza elçi göndərən Yusifin aldığı cavab onu məyus edir. Ailə Yusifin ali təhsilli olmamasını bəhanə gətirib, qızı ona vermir. Yusif özünə olan münasibətdən daha çox bacı dediyi anasına qarşı hörmətsizlikdən məyus olur. Anasına tapşırır ki, bir də o qızın qapısına elçiliyə getməsin. Həmin gündən qarşısına məqsəd qoyan Yusif gecələri oxuyur, gündüzləri işləyir. Prinsipiallığı onu arzusuna çatdırır. Yusif növbəti il Xalq Təsərrüfatı Universitetinə daxil olur. 1987-ci ildə həmin institutun mühasibatlıq fakültəsini bitirir və Bakıdakı bankların birində müfəttiş vəzifəsinə təyin edilir.

1984-cü ildə anasını başqa qapıya elçi göndərir. Görüb bəyəndiyi qızla ailə həyatı qurur. Bu nikahdan onların Nurlana adlı qız övladları dünyaya gəlir. Bacısı Nailə xanım Yusifin toy gününü belə xatırlayır: “Yusifin toyu olan gün gəlini evə gətirəndə işıqlar söndü. Hər tərəf qaranlığa qərq oldu. Hamımız çox pis olduq. Həmin qaranlıq elə bil Yusifin taleyinin qaranlıq olmasına, ömrünün yarımçıq qalmasına işarə idi. Anam əllərini dizinə vurub ağladı. Mənim ürəyimə nəsə xal düşdü. Amma Yusif heç kimə əhəmiyyət vermədi. Məşəl düzəldib yandırdılar, gəlini də məşəl işığında otağa apardıq. Bir ildən sonra onların bir qızı oldu. Biz onda dağa qalxmışdıq. Ordan qayıdanda bu xəbəri eşitdik. Yusif Ruslan adını çox sevirdi, çox istəyirdi ki, oğlu olsun, adını da Ruslan qoysun. Həmişə deyirdi ki, kaş mənim birinci oğlum olaydı. Amma sonra mənim oğlum dünyaya gələndə Yusif onu həmişə Ruslan deyə çağırdı.”

***

Qızının bir yaşı tamam olmamış həyat yoldaşı ilə Yusifin yolları ayrılır. Yusif Bakıya köçür, keçmiş həyat yoldaşı isə başqa adamla ailə həyatı qurur.

***

1988-ci ildən ölkədə siyasi vəziyyət gərginləşir. Yusif Xalq Hərəkatına qoşulur. 90-cı illərdə xalq hərəkatına və 20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə Bakı şəhər komendantı tərəfindən həbs edilir. Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnir. Cəbhəyə, Qarabağa gedən yol da elə bu zədələrdən başlanır.

Günlərin bir günü Yusif bacısı Nailəgilə gəlir, ona deyir ki, anam bilməsin, mən cəbhəyə gedirəm. Həmin ərəfədə Yusifin Bakıda işi, vəzifəsi, restoranı vardı. Bacısı onu nə qədər dilə tutursa, qardaşını müharibədən saxlaya bilmir. Yusif deyir, orda qanlı döyüşlər gedir, mənim burda oturmağım düzgün deyil. O, hər şeyini ataraq könüllü müharibəyə yollanır. Sonralar Bakıya ancaq bir məqsədlə gəlir: burdan əsgərlərə öz pulu ilə siqaret, ət, kolbasa alıb aparsın.

***

Yusifin cəbhəyə gedişindən az sonra onun anasına bu barədə xəbər çatır. Elə həmin ərəfədə də Yusif yüngülvari yaralanır. Ana qarşısına məqsəd qoyur ki, cəbhəyə oğlunun yanına getməlidir.

O, digər oğlu ilə birgə cəbhə bölgəsinə çatanda ordakı hərbçilərin hamısı dəhşətə gəlir. Ona deyirlər ki, ay ana, bura ana-bacı yeri deyil, burda quş quşluğu ilə qanad sala bilmir, ağır müharibə gedir. Yusif isə həmin vaxt Ağdərədə ön cəbhədə idi. Ona xəbər çatanda ki, posta bir qadın gəlib, səni axtarır, Yusif deyir, o qadın yalnız mənim anam ola bilər! Həmin gün Yusif arxa cəbhəyə qayıdır. Anasını görən kimi sevindiyindən qucağına alıb fırladır. Həmin gün Yusifin həyatında ən xoşbəxt gün idi.

1992-ci ildə Ağdərə əməliyyatı keçirilir və şəhər işğaldan azad olunur. Yusiflə bərabər onun batalyonundan olan on dörd nəfər Ağdərədən çıxmırlar. Yusif deyir, biz Ağdərədən çıxmayacağıq, buranı saxlamağa çalışacağıq. Həqiqətən də çıxmırlar. Gecələri bütün rayonun işıqlarını yandırıb, şəhərin müxtəlif yerlərində tonqal qalayırlar. Ratsiya vasitəsi ilə bizimkilərdən yüz əlli, iki yüz nəfərlik xörək sifarişi verirlər. Beləliklə, Ağdərənin erməni tərəfindən işğal olunmasına imkan vermirlər.

***

Nailə xanım qeyd edir ki, Yusif həmin əməliyyatdan sonra Bakıya gələndə Ağdərə əməliyyatı zamanı ölümdən xilas olduğunu danışırmış:

“Ağdərə əməliyyatından sonra bizə gələndə dedi ki, bəlkə də məni anamın qıldığı namazlar, etdiyi dualar xilas etdi. Əsir düşsəydim, özümü vuracaqdım. Ondan sonra özü ilə həmişə bir güllə gəzdirirdi. Bir dəfə paltarlarını səliqəyə salanda həmin patronu Yusifin cibindən tapdım. Özündən soruşdum, bu nə üçündür? Dedi, sən bilməzsən, qoy yerinə. Onda möhkəm ağladım. Yusif məni aldatdı, dedi, ehtiyat üçün saxlayırıq, hamımızda olur. Bu patron son məqamda bir düşmən də olsa vurmaq üçündür. Sonralar isə dedi ki, həmin patronu özüm üçün saxlayıram. Son məqamda ələ keçməmək üçün.”

***

Yanvarın 28-də Yusif bacısı oğlunun ad gününə gəlir. Ertəsi gün cəbhəyə gedir. Bakıda ona təklif olunan vəzifədən imtina edir. Böyrəklərindəki xəstəlik şiddətləndikdən sonra onu bir müddət müalicə olmağa razı sala bilirlər. O, Şəmistan Əlizamanlı ilə bir palatada müalicə alır.

Onun vəziyyətini yaxından izləyən həkimi, şair Şahin Musaoğlu əsgərlərimiz üçün yazdığı marşı ona oxuyub, Yusif mahnını çox bəyənib. Arzu edib ki, Şəmistan Əlizamanlı oxusun. Məşhur “İgid əsgər” mahnısı belə yaranır.

***

Yusif müalicəsini yarımçıq qoyub həkimdən icazəsiz cəbhəyə gedir.

***

1993-cü il fevralın 18-də tabeliyində olan döyüşçülərə son tapşırıqlarını verir. Döyüş yoldaşı İlqar Həsənova deyir ki, burdakı uşaqların başından bir tük əskik olsa, səni o dünyada da bağışlamayacağam. Bu sözlərin üzərindən cəmi bir gün keçir. Fevralın 19-da Yusif sonuncu əməliyyatını həyata keçirərkən şəhid olur. Onun ölümünü ailə üzvlərindən ilk bilən şəxs Bakıda yaşayan qardaşı Asif olur.

Bacısı Nailə xanım müsahibələrinin birində deyir:

“Fevralın 19-da qardaşımın cəbhə yoldaşı zəng vurub dedi ki, Asif xəstələnib, bizə gəl. Taksi tutub onlara getdim. Bütün yolu ağladım. Mənə Asif xəstədir deyiblər, amma mən qorxurdum ki, birdən Yusifə nəsə olar. Ayın 20-də Yusifi qara tabuta qoyub, Naxçıvandakı evimizə gətirdilər. Ürəyim durmadı, qardaşıma dedim, bəlkə yalan deyirlər, tabutdakı Yusif deyil? Ona dedim ki, tabutu açaq, baxaq, görək orda yatan həqiqətən də Yusifdirmi? Tabutu açanda qardaşım qoymadı mən Yusifin üzünə baxım, elə özümün də ürəyim gəlmədi. Ancaq ayaqlarını görə bildim. Yusifin ayağında həmişə onu incidən dərin yara yeri, mazol vardı. Əlimlə yoxladım, həmin yara yerini tapdım.

Anam din adamı idi. Amma Yusifin ölümü onu çox sarsıtmışdı. O, neçə dəfə özünü asmaq istəmişdi. Deyirdi, mən Yusifdən sonra yaşamaq istəmirəm. Ondan sonra toy səsi eşitsəm, diyar-diyar baş götürüb, qaçaram. Yeməkdən, içməkdən kəsildi. Atam deyirdi, bala, ananız özünü asıb öldürəcək, gözünüz üstündə olsun. Yusifin ili çıxandan sonra balaca qardaşımız avtomobil qəzasında həlak oldu. Ondan sonra anam sağ qalan övladlarından yana qorxdu. Dedi, mən çox kürlük etdim, Allaha asi çıxdım. Qardaşımın qırxı çıxandan sonra anam xalama dedi ki, evdə xına var, get, onu islat, gətir balalarımın boynunun arxasına çək. Allah onları bir gecədə əlimdən alsa, mən neyləyərəm? Qorxu anamı yaşatdı”.

Yusif səliqə-sahmanı, qayda-qanunu çox sevən, gözəl yumor hissi olan adam idi. Pianinoda çox gözəl ifa edir, arada mahnılar oxuyarmış. Gəncliyində musiqi qrupunda da çıxış etmişdi. Evlərindəki pianinoda akkord tutub çalır, Şəmistan Əlizamanlı oxuyurdu. Sonra da qəhqəhə çəkib, gülürmüş. Amma təkliyə çəkiləndə çox qəmgin olurmuş. Çoxlu siqaret çəkərmiş

***

Qızı Nurlanə Mirzəyeva atasını görmədiyinə çox təəssüf edir. Atasının ona uşaq vaxtı alıb göndərdiyi bir cüt sırğanı ondan yeganə yadigar kimi saxlayır.

***

Rejissor Nizami Abbas onun haqqında "İgid əsgər" adlı sənədli film çəkib.

Xəbər lenti