Logo

Polşada Müslüm Maqomayevin atasının xatirəsi yad edilib - FOTO

24.05.2022 10:49 394 baxış
IMG

Polşanın Chojna şəhərində II Dünya müharibəsində həlak olmuş azərbaycanlı rəssam Məhəmməd (Maqomet) Maqomayevin məzarı ziyarət edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Tehsil.biz”ə verilən məlumata görə, Polşa Azərbaycanlıları Şurasının sədri, Varşava Azərbaycan Evinin rəhbəri Fərid Cəfərli bildirib ki, təşkilatın bir qrup fəalının iştirakı ilə baş tutan ziyarət zamanı həmvətənimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və məzarı önünə əklil qoyulub.

Qeyd edək ki, teatr rəssamı olmuş Məhəmməd Maqomayev Azərbaycan klassik musiqisinin banilərindən biri, görkəmli bəstəkar Əbdül-Müslüm Maqomayevin oğlu, dünya şöhrətli opera-estrada müğənnisi və bəstəkar Müslüm Maqomayevin atasıdır.

Berlinə qədər döyüşlərdə qəhrəmanlıq göstərən kəşfiyyat bölüyünün komandiri, serjant Məhəmməd Müslüm oğlu Maqomayev 24 aprel 1945-ci il taixində (alman faşizmi üzərində qələbəyə 15 gün qalmış) yaralı yoldaşını xilas edərkən həlak olub. Birinci dəfə Polşada Kşivin-Qrıfinski məzarlığında dəfn edilib, 1952-ci ildə isə onun cəsədi II Dünya müharibəsi iştirakçılarının dəfn edildiyi Çojna qəbiristanlığına köçürülüb.

Xəbər lenti