Logo

SDU-da ADNSU-nun 100 illiyinə həsr olunan elmi -praktik konfrans

07.01.2021 19:17 715 baxış
IMG

Sumqayıt  Dövlət Universitetində (SDU) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  (ADNSU) 100 illik yubileyinə həsr olunan “Azərbaycanda elmin və təhsilin inkişafında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rolu” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

 

Konfransda hər iki universitetin rektoru, professor-müəllim heyəti  iştirak edib.

 

SDU-nun rektoru, professor Elxan Hüseynov  ADNSU-nun 100 illik təntənəli yubileyinin keçirilməsi, tanınmış ali təhsil ocağının bir qrup əməkdaşının Prezident İlham Əliyevin sərəncamları ilə ən yüksək fəxri adlara və dövlət təltiflərinə layiq görülməsi münasibəti ilə onları təbrik edib. Bildirib ki, bütün bunlar ölkəmizdə elm və təhsilə, ömrünü gənc nəslin tərbiyəsinə, müstəqil Azərbaycan üçün mütəxəssislər ordusunun yetişdirilməsinə həsr edən insanların əməyinə göstərilən layiqli münasibətin təzahürüdür.

 

Rektor ADNSU-nun Azərbaycan cəmiyyətindəki əhəmiyyətli rolundan danışıb, universitetin Azərbaycan və dünyanın çoxsaylı ölkələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayan qocaman ali təhsil müəssisəsi olduğunu qeyd edib:”Respublikada uzun illər iqtisadiyyatın davamlı yüksəlişinə töhfələr verən bu elm və təhsil ocağı müstəqil Azərbaycanın neft strategiyasının müvəffəqiyyətlə gerçəkləşdirilməsində mühüm xidmətlər göstərib. Ölkə iqtisadiyyatının müxtəlif sahələrində çalışan, ölkəmizin hərtərəfli inkişafına əhəmiyyətli töhfələr verən, görkəmli alimlər və tanınmış dövlət xadimləri olan məzunları hər zaman öz peşəkarlıqları ilə seçilib. Hazırda ADNSU yeni keyfiyyət mərhələsində öz fəaliyyətini uğurla davam etdirir”.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı isə bildirib ki, hələ 100 il əvvəl Azərbaycanda belə bir ali təhsil müəssisəsinin yaradılmasını zəruri edən mühüm səbəblərdən biri ölkəmizdə neft sənayesinin mövcudluğu və onun inkişafından irəli gələn amillər idi:” Zaman-zaman bu təhsil ocağı təkcə Azərbaycan üçün deyil, dünyanın onlarla ölkəsi üçün yüksək  ixtisaslı mütəxəssis və mühəndis kadrların yetişdirilməsində xüsusi rol oynayıb. Odur ki, ölkəmizdə neft sənayesinin inkişafında, həmçinin geologiya və kimya sahəsində qazanılan uğurlarda Azİİ məzunlarının xüsusi çəkisi var. 1994-cü ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” imzalandıqdan sonra ölkəmizdə neft sənayesinin inkişafı istiqamətində yeni, savadlı mütəxəssislərə olan tələbat da Azİİ məzunları hesabına təmin edildi. Bu gün də universitet bu missiyanın öhdəsindən layiqincə gəlir”.

 

Konfransda hər iki universitetin alimlərinin məruzələri də dinlənilib.

 

Natiqlər ADNSU-nun tarixi nailiyyətlərindən, əmək bazarındakı rolundan danışıb, bu ali təhsil ocağında neft-qaz sahəsi ilə yanaşı, müasir sənaye istiqamətləri, həmçinin informasiya texnologiyaları, energetika, neft-mexanika, kimya texnologiyaları üzrə mütəxəssislər hazırlandığını qeyd ediblər.

 

Sonda ADNSU-nun rektoru  M.Babanlı  rəhbərlik etdiyi ali təhsil ocağının 100 illik yubileyinin yüksək  səviyyədə təşkilinə görə SDU -nun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Xəbər lenti