Dövlət İmtahan Mərkəzi 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlərə müraciət edib.
DİM-dən "Tehsil.biz"ə verilən məlumata görə, Azərbaycan dili (dövlət dili kimi) imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat elan olunub.
9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 31 may saat 23:59-dək verilən link (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=82) vasitəsilə qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər.
Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.
“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan 12 iyun tarixində keçiriləcək.
Xatırladaq ki, 2022-ci il mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9-cu sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 8-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.
Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.