Suqovuşan, ardınca Cəbrayıl şəhərinin və rayonun doqquz kəndinin işğalçı erməni qəsbkarlarından azad edilməsi xəbəri məktəbimizdə hər kəsin - müəllimin də, şagirdin də sonsuz sevincinə səbəb olub. Bu gün hamımız üçün əsl bayramdır. Bütün dərslər ordumuzun növbəti uğurlu əməliyyat xəbərləri ilə başlanıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun ardıcıl qazandığı uğurlar 30 ildən bəri doğma torpaqlarımızda ağalıq edən ermənilərin aldıqları ağır bir “yumruqdur”.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Kürdəmir rayonunun M.Əzimov adına Atakişili kənd tam orta məktəbinin direktoru Aytən Əkbərova söyləyib: “Lakin ermənilər ordumuzun ardıcıl olaraq qazandığı qələbələri həzm edə bilmirlər. Yenə də Azərbaycana, azərbaycanlılara qarşı tarix boyu həyata keçirdikləri məkrli əməllərindən əl çəkmirlər. Onlar yaşayış məntəqələrini, cəbhədən uzaq ikinci böyük şəhərimiz olan Gəncəni, Mingəçeviri raket atəşinə tutur, dağıntılar törədir, dinc insanları öldürürlər. Görəsən, bu qaniçənlər düşünürlərmi ki, tarix qarşısında nə vaxtsa cavab verməli olacaqlar?!”.