Mayın 24-də Xaçmaz rayonuna təşkil edilən mediatur çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə tabe bölgələrin bir qrup ibtidai sinif müəllimi ilə sertifikatlaşdırılma prosesinə dair məlumatverici görüş təşkil edilib.
Tehsil.biz xəbər verir ki, görüşdə millət vəkilləri, Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
Görüşə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə daxil olan Quba, Xaçmaz, Siyəzən, Şabran və Qusar üzrə ibtidai sinif müəllimləri qatılıb.
Giriş nitqi ilə çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev qonaqları salamlayaraq görüşün mahiyyəti barədə məlumat verib.
Daha sonra çıxış edən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov görüşün faydalılığına toxunub, bu cür məlumatverici xarakter daşıyan görüşlərin davamlı olacağını qeyd edib.
Çıxış edən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov Təhsil Nazirliyinin təhsilverənlərin sertifikatlaşdırılması prosesini təşkil etməkdə məqsədi barədə danışıb. Keyfiyyətli təhsil və şagird nailiyyətinin müəllim əməyinə bağlı olduğunu qeyd edən Eşqi Bağırov təhsilverənlərin biliklərinin qiymətləndirilməsi və onların peşəkar inkişafı istiqamətində əvvəlki illərdə həyata keçirilmiş işləri xatırladıb.
Daha sonra İnsan resursları şöbəsinin əməkdaşı, Sertifikatlaşdırma Şurasının katibi Tükəzban Quliyeva sertifikatlaşdırma prosesi ilə bağlı təqdimatla çıxış edib və ətraflı məlumat verib.
Çıxış edən millət vəkilləri təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb, müəllimlərin davamlı olaraq öz üzərlərində işləməli, özlərini təkmilləşdirməli olduqlarını qeyd ediblər. Qonaqlar sertifikatlaşdırma prosesinin təşkilini müsbət dəyərləndirib, müəllimlərin qiymətləndirilməsinin dünya təcrübəsinə əsaslandığını vurğulayıblar.
Görüş çərçivəsində Təhsil Nazirliyi tərəfindən sertifikatlaşdırma prosesində iştirak edəcək təhsilverənlərə dəstək tədbirlərinin görüləcəyi də vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran çoxsaylı suallar səsləndirilib, təklif və rəylər dinlənib.