Logo

Khan Academy"nin qurucusu ilə yeni çağırışlar müzakirə edilib

08.01.2021 15:37 89 baxış
IMG

Yanvarın 7-də yayımlanan “Yeni çağırışlar” onlayn müzakirə proqramının ilk qonağı dünyaca məşhur “Khan Academy”nin qurucusu və CEO-su Sal Khan olub.

 

Proqramda təhsildə yeni çağırışlar müzakirə edilib, gələcəyin məktəb modellərinin xüsusiyyətləri, təhsilin məqsədində edilməli olan dəyişikliklər, öyrənən və öyrədənlərdən tələb edilən yeni bacarıqlar, onlar arasında səmərəli əməkdaşlığın yolları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Sal Khanın uğur sirri və gördüyü işlərdən gəldiyi nəticələr, təcrübələri və təhsillə bağlı görüşləri ətrafında müzakirələr aparılıb, bir sıra maraqlı fikirlər səsləndirilib.

 

Proqramda “T-network”-un koordinatoru Cəfər Mənsiminin “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualını Sal Khan bu cür cavablandırıb: “Fikrimi 8 sual ətrafında cəmləşdirməyə çalışacağam. Keyfiyyətli təhsilin hamıya əlçatan olması üçün nə etməliyik? Tədrisi necə fərdiləşdirə bilərik? Şagirdlərin həvəsli olması üçün nə etməliyik? Necə edək ki, nailiyyətlərin sənədləşdirilməsi real biliyi əks etdirsin? Təhsilin məkan və zaman baxımından məhdudlaşdırılmaması, davamlı inkişafın təmin edilməsi üçün nələr etməliyik? İnsanları bir-biri ilə əlaqə yaratmağa necə həvəsləndirə bilərik? Necə edək ki, bu prosesdə tərəflər öz mövqelerini itirməsinlər? Müəllim və tələbə arasında ünsiyyətin səmərəli olması, kiminsə öz qınına çəkilməməsi üçün nə etməliyik?”. Sal Khanın fikrincə, bu yeni çağırışlar öyrənmənin sürətini artırır.

 

Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanan “Yeni çağırışlar” proqramının ilk buraxılışını 20 minə yaxın insan izləyib.

 

Qeyd edək ki, təhsil nazirinin müşaviri Elnur Nəsibov Sal Khan və onun təşəbbüskarlığı ilə yaranan “School House word” qrup sessiyaları üzrə ödənişsiz təhsil platformasının texnologiya və əməliyyatlar üzrə baş direktoru Drew Bent  ilə görüşüb. Görüşdə Təhsil Nazirliyi ilə Khan Lab School arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Xatırladaq ki, Sal Khan dünyanın bir nömrəli ali təhsil müəssisəsi sayılan Massaçusets Texnologiya İnstitutunun və Harvard Universitetinin məzunudur. O, 2005-ci ildə qurduğu ödənişsiz təlim platforması olan "Khan Academy" ilə bütün dünyaya səs salıb. “Hər kəs üçün, hər yerdə ödənişsiz dünya təhsili vermək” missiyası ilə formalaşan "Khan Academy" bütün yaşlarda olan insanlar üçün fərdi öyrənmə qaynağıdır. Hər birinin özünəməxsus hekayəsi olan milyonlarla tələbə "Khan Academy"də öz tempinə uyğun mənbələrdən yararlanır, qlobal sinifdə müxtəlif fənləri öyrənmək imkanı qazanır. Tədris resursları 40-dan çox dilə tərcümə olunur. 500-ə qədər azərbaycanlı könüllü tədris resurslarını Azərbaycan dilinə tərcümə edir.

 

“Yeni çağırışlar” onlayn müzakirə proqramı Təhsil Nazirliyinin dəstəyi və “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Onlayn müzakirə proqramının ayda iki dəfə yayımlanması nəzərdə tutulur.

Xəbər lenti