Logo

Bizdə niyə modern sənət yoxdur?

25.05.2022 14:24 410 baxış
IMG

Bizdə həqiqi modern sənət görmək nadir hadisədir. Modern sənətlə məşğul olanlar çoxdur təbii ki, nə qədər desən, fotoqraf, rəssam, yazıçı və ya rejissor var, amma əksəriyyətinin işlərinə həvəskarlıq, hay-küyçülük, psevdoçuluq, duyğu istismarçılığı və sair hakimdir, sənətkarlıqdan isə əsər-əlamət yoxdur.

Azərbaycan 30 ilə yaxındır müstəqil dövlətdir, az deyil, 10 milyondan çox əhalisi var, amma bu müddət ərzində modern sənətkarlıq sahələrinin formalaşması bir tərəfə, ümumiyyətlə, adam arasına çıxarılası nümunələrin sayı da barmaqla sayılacaq qədər az olub. Sənətkarlığa dövlət dəstəyi əks effekt verir. Ayrılan pulların böyük qismi korrupsiya nəticəsində ciblərə axır. Beləcə, dövlətin dəstək verdiyi sənətkarların yaratdıqlarının bir qara qəpiklik dəyəri qalmır. Əksər vaxt tək-tük yaxşı sənət nümunələri dövlət dəstəyi almayan, fərdi təşəbbüslə ortaya çıxarılanlardır, amma onların da sayı o qədər azdır ki, gözə görünmədən, ümumi axında itib batırlar.

Bəlkə biz sənətkar xalq deyilik? Belə fikirləşənlərin də sayı az deyil. Amma bu, bir az irqi ayrı-seçkiliyə bənzəyir. Zənnimcə, Azərbaycanda modern sənətkarlığın olmamasının başqa səbəbləri var. Bu səbəblər hansılardır? Gəlin aydınlaşdırmağa çalışaq.

Ən birinci səbəb odur ki,biz kasıbıq. Kasıb cəmiyyətdə isə modern sənətkarlıq ayaq tutub yeriyə bilməz. Ay ərzində əlimizə düşən qazancın böyük hissəsi yemək-içməyə, pal-paltara və toya pul salmaq kimi adət-ənənədən irəli gələn təxirəsalınmaz ehtiyaclara sərf olunur. Əgər insan kitaba, rəsmə, tamaşaya, kinoya pul xərclədikdən sonra, ac qalacaqsa, geyinməyə paltar tapmayacaqsa, toya salmağa pulu qalmayacaqsa, ona necə “sənətə pul xərclə” demək olar? Bunu desən, o, ən yaxşı halda sənin sənətbazlığına güləcək, ən pis halda isə səni xalis başdanxarab hesab edəcək. Sənətkarlıq şəhərləşmə, rifah və pul məsələsidir, kasıbın sənət nə vecinə?
Sənətkarlığın qarşısını alan ikinci səbəb odur ki, biz cəmiyyət kimi hələ modernləşməmişik, modernləşməyin əhəmiyyətini dərk etməmişik. Biz modern geyim-keçimdə olsaq da, arxitekturamız, ictimai-siyasi-mədəni modellərimiz, təsisatlarımız modern formada olsa da, əslində zahiri və simulyativ xarakter daşıyırlar. Ona görə simulyativ ki, özümüzü modern imiş kimi göstəririk, əslində isə deyilik.

İmitasiya ilə simulyasiyanı ayırd etməkdə fayda var. İmitasiya bir şeyi model, nümunə kimi götürüb onu yamsılamaq, onun kimi olmaq cəhdidir. İmitasiya bir mənada yaxşıdır, ona görə ki, yamsılaya-yamsılaya axırda öyrənirsən, bir gün arzuladığın ideala çatırsan və yaxud ona yaxınlaşırsan. Biz isə simulyasiya ilə məşğuluq, yəni bir şeyi edirmiş kimi görünməyə çalışırıq, əslində isə etmirik, gözə kül üfürməklə məşğul oluruq.

Azərbaycanın müasir sənətkarı da simulyasiya ilə məşğul olur, o, modern sənətlə məşğul olurmuş kimi görünür, amma əslində, gözə kül üfürməklə məşğul olur. Bizdə roman yazan, kino çəkən, rəsm cızan insan məşğul olduğu sahənin necə ortaya çıxdığını, necə modernləşdiyini, necə indiki formasını aldığını dərindən bilmir. Bunları dərindən bilmədən isə sənətin mahiyyətini dərk etmək mümkün deyil, beləcə, ortaya sanballı bir şey də qoymaq mümkün deyil.

Modern sənətlə məşğul olan gürcü, erməni, ukraynalı, türk və ya iranlı sənətkar Avropa dillərindən heç olmasa birini öyrənməyə çalışır, çünki dili yaxşı bilirsənsə, mədəniyyəti əxz etmək imkanların da birə beş artır. Bizdə ümumi miqyasdakı sənət qısırlığı fundamental problemlərdən qaynaqlanırsa, fərdi baxımdan nümunə olacaq tək-tük sənətkarların ortaya çıxmaması isə, dil bilməməkdən, gördüyü işin mahiyyətini dərk etməməkdən, sənət təfəkkürü qazanmaq üçün modernliyə yiyələnməyin əhəmiyyətini başa düşməməkdən qaynaqlanır.

Ən nəhayət, bizdə modern sənətkarlığın inkişafının qarşısını alan üçüncü və ən böyük səbəb milli-mentalitet adıyla tanınan, əslində isə mahiyyətində inkoqnito orta əsr müsəlmançılığı dayanan ənənələr, ehkamlar və qadağalar toplusudur. Bundan əvvəlki səbəblərin də birbaşa milli-mentalitetlə əlaqəsi var.

Bunu bir yazımda yazmışdım, nə demək istədiyimin daha dəqiq başa düşülməsi üçün bir daha təkrarlayım: Azərbaycanda milli-mentalitet deyilən şey əslində, Sovet dövründə Stalinizmlə reaksiyaya girərək mutasiyaya uğramış, amma gizlində öz əsl mahiyyətini qorumuş orta əsr dini dünyagörüşündən savayı bir şey deyil. Stalinizmlə mutasiyaya girdikdən sonra, o, “işkola” getməyə, Firəngistanda gavur elmini öyrənməyə, gavur əlbisəsi geyinməyə, hətta gavur sənətiylə məşğul olmağa göz yumur. Lakin bunların sadəcə səthi, nəzarət olunan səviyyədə olmasını və simulyativ xarakter daşımasını tələb edir. Romanmı yazırsan, kinomu çəkirsən, xaricdə təhsilmi alırsan, elmi tədqiqatmı aparırsan, siyasətləmi məşğul olursan? Çox əla, çox pakizə. Amma milli-mentalitetə uyğun olsun! Yəni gərək yad, şübhə doğuracaq, plüralizmə, individualizmə və dəyişikliyə gətirib çıxaracaq heç nə eləməyəsən!
Beləcə, mutasiyaya uğrayaraq, milli-mentalitet cildinə girmiş orta əsr təfəkkürü elə əvvəlki şeyləri – biət və itaət etməyi tələb edir. Mahiyyət etibarilə dəyişən bir şey yoxdur, o, yenə də həqiqi sənətə, həqiqi özünüifadə azadlığına qarşı düşmən mövqedə dayanıb.

Milli mentalitet adlı bu ehkamçı kültür özünü ifadə edə bilən yox, özünü ifadə edə bilməyən insan yetişdirməyə köklənib. Onun “onu eləmək olar”, “bunu eləmək olmaz” kimi buyruqları demək olar ki, insan həyatının ən kiçik zərrəciyinə qədər nəzarət edir. Azərbaycanda küçədə, meydanda, avtobusda, ofisdə, kino zalında, konsertdə, rəsm sərgisində hər kəs hər kəsin nəzarətçisidir. Özündən asılı olsa da, olmasa da bizdə insan əxlaq keşikçisi vəzifəsini öz üzərinə götürüb (“Bu kino bizim milli-mentalitetimizə uyğun deyil!”). Hətta bir əxlaqçı, ehkamçı da insanın öz içində oturub, davranışlarına görə özü özünü daim mühakimə edir. Ən sekulyar çevrələr arasında da belədir. Ateist də olsan, ən adi şeylərdə ehkamçı ola bilirsən, özünü məhdudlaşdırırsan, özünə özünü ifadə etməyə imkan vermirsən.

Cəmiyyətin təsirini biz əksər vaxt yetərincə qiymətləndirmirik, halbuki biz ətrafımızdan sandığımızdan da çox asılıyıq. Cəmiyyətin sənətkardan müəyyən gözləntiləri var. O, sənətkar üçün rollar biçir və o rolları oynamağı, onun gözləntilərinə cavab verməyi tələb edir. Cəmiyyətdən hədsiz asılı olan sənətkar isə fərd ola bilmir, müəyyən müqavimətdən sonra əl götürür, çünki çoxluğa qarşı mübarizə aparmaq çətindir. Sənətkar oxucunun istədiyi kimi kitablar yazmağa, tamaşaçının istədiyi kimi kinolar, tamaşalar, rəsmlər yaratmağa başlayır. Buna görə də özünü aşa bilmir, yaratdıqları elə oxucu, tamaşaçı və ya kütlə səviyyəsində qalır.

Əlqərəz, biz hədsiz əxlaqçı və ehkamçı cəmiyyətin nümayəndələriyik. Əxlaqçı, ehkamçı mühakimələrə meyilliyik. Belə əxlaqçı, ehkamçı və mühakiməçi kültürdə isə fərdiyyət, özünəməxsusluq, sənətkarlıq nadir hadisə olmağa məhkumdur. Bizim sənətkarımız da bir qayda olaraq qeyri-müstəqil, mühafizəkar, qapalı, özünü aça bilməyən, açmaqdan qorxan insandır, bu da onun həqiqi sənətkar olmasını əngəlləyir. Fərdi nümunələr olub təbii ki, bundan sonra da olacaq, amma onlar güclü diletant axınında gözə çarpmadan itib batmaqda davam edəcəklər.

Azərbaycanda həqiqi sənətkarın ortaya çıxması üçün inqilabi dəyişikliklər tələb olunur. İqtisadi azadlıqlar genişlənmədən, cəmiyyət modernləşmədən və milli-mentalitet adlı ehkamçı kültür məhdudlaşdırılmadan, ölkədə çətin ki, həqiqi modern sənətkarlıq intişar tapa bilsin. Bizim qanunlarımız həqiqi sənətkarlığın cücərməsinin qarşısını alan şoranlaşdırıcı iqlim hadisələrinə bənzəyir. Nə qədər ki, bunu görmürük, görmək istəmirik, sənətsizliyimizi də səhvən genetikamızda və sair yanlış yerlərdə axtarmaqda davam edəcəyik.

Müəllif: Cavid Ramazanov

Xəbər lenti