Logo

“İlahiyyatçılar üçün ərəbcə-azərbaycanca lüğət” kitabı nəşr olunub

25.05.2022 16:30 433 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının dosenti Elvüsal Məmmədovun “İlahiyyatçılar üçün ərəbcə-azərbaycanca lüğət” kitabı nəşr olunub.

Tehsil.biz xəbər verir ki, lüğətdə təxminən 7100-ə yaxın söz və birləşmənin Azərbaycan dilində mümkün qarşılığı verilib. Buraya Quran və hədis leksikası, surələrin adları, Allahın adları, Quranşünaslıq, hədisşünaslıq, üsulşünaslıq, fiqh, İslam fəlsəfəsi, kəlamşünaslıq, təsəvvüf terminləri, İslam tarixi və şəxsiyyətlərlə əlaqəli xüsusi adlar, peyğəmbərin adları, yer adları, İslam etiqadı, ibadət sistemi və digər anlayışlar daxildir.

Lüğətdə sözlər ərəb əlifbasına uyğun sıralanmışdır. Hər hərfə aid artiklli sözlər və birləşmələr artiklsiz sözlər və birləşmələrdən əvvəl əlifba sırası ilə verilmişdir. Leksik korpusun böyük hissəsini Azərbaycan dilində birbaşa tərcüməsi olan sözlər təşkil edir. Birbaşa qarşılığı olmayan sözlərin əvvəlcə ərəbcə versiyasının dilimizin orfoqrafiya qaydalarına uyğun fonem transliterasiyası, daha sonra isə hərfi mənası və izahı verilmişdir.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

Xəbər lenti