Mədəniyyət Nazirliyi tərəfindən bu ilin mart ayından həyata keçirilən “Yeni adlar” layihəsi davam edir.
Tehsil.biz xəbər verir ki, layihə üzrə növbəti musiqi axşamı mayın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşdi. Gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Tahir Əmrahov (tar) və Cahandar Xanlarovun (kamança) iştirakı ilə konsert proqramı təqdim olunub.
Musiqiçiləri Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (dirijor – Əməkdar artist İlahə Hüseynova) müşayiət edib.
Musiqi axşamının tamaşaçıları arasında Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri vardı.
Proqramda Tofiq Bakıxanovun tar və orkestr üçün 1 nömrəli konserti və Hacı Xanməmmədovun kamança və orkestr üçün konserti ifa olundu. Çıxışlar alqışlarla qarşılanıb.