Logo

UNEC-in nümayəndə heyəti Yunanıstanın Qərbi Makedoniya Universitetində olub

26.05.2022 10:44 320 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti “Erasmus+” mübadilə proqramı çərçivəsində Yunanıstanın Qərbi Makedoniya Universitetində olub.

UNEC-dən bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Qərbi Makedoniya Universitetinin rektoru professor Teodoros Teodoulids və “Neft və qazın menecmenti və nəql edilməsi” (MOGMAT) magistr proqramının direktoru professor Evangelos Siskos ilə görüşüb.

Görüş zamanı professor Teodoros Teodoulids universitetdə həyata keçirilən yeniliklər barədə məlumat verib. Bildirib ki, universitet Yunanıstanın iqtisadi inkişafının, o cümlədən “yaşıl iqtisadiyyat” və innovasiyanın inkişafına dəstək göstərərək, bu istiqamətdə uğurlu beynəlxalq layihələrlə çıxış edir.

Rektor UNEC ilə Qərbi Makedoniya Universiteti arasında həyata keçirilən MOGMAT birgə magistr proqramının əhəmiyyətindən də söz açıb. Bu istiqamətdə işlərin uğurla davam etdirildiyini, 2016-cı ildən start verilən proqramdan indiyədək 38 nəfərin diplom aldığını, bu il isə 135 nəfərin məzun olacağının gözlənildiyini deyib. O, proqram çərçivəsində iki universitet arasında akademik mübadilə və birgə elmi tədqiqatların da uğurla davam etdirildiyini diqqətə çatdırıb. Proqramın məzunlarının Yunanıstanda, Azərbaycanda, Avropa İttifaqına üzv olan digər ölkələrdə işgüzar idarəçilik, iqtisadiyyat, nəqliyyat və logistika, neft-qaz texnologiyası ixtisasları üzrə fəlsəfə doktoru elmi adını qazanmaq imkanı əldə etdiklərini xüsusi vurğulayıb.

UNEC-in İqtisadiyyat və biznesin idarəedilməsi kafedrasının müdiri Sevər Məmmədova, UNEC İmtahan mərkəzinin direktoru Söhrab İsayev, Tələbə işləri üzrə mərkəzin direktoru Xalidə Yusifova, Rus iqtisad məktəbinin direktoru Mənsur Bərxudarov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova, rektorun köməkçisi Şamil Əliyevin iştirakı ilə keçirilən görüşdə əməkdaşlığın genişləndirilməsi, bakalavr səviyyəsində beynəlxalq ticarət və logistika, dizayn ixtisasları üzrə mübadilə və ikili diplom proqramlarının reallaşdırılması barədə fikir mübadiləsi aparılıb və bütün bunların iki universitet üçün uğurlu olacağı qeyd edilib.

“Erasmus+” proqramı çərçivəsində UNEC-in struktur rəhbərləri Qərbi Makedoniya Universitetinin müvafiq departamentlərinin iş fəaliyyəti ilə də tanış olublar, UNEC-də tətbiq edilən yenilikləri həmkarları ilə bölüşüblər.

UNEC Yunanıstanda birgə magistr proqramı reallaşdıran ilk xarici universitetdir. UNEC ilə Qərbi Makedoniya Universiteti arasındakı MOGMAT magistr proqramı 12 fənn və buraxılış işindən ibarət olmaqla, 120 kredit təşkil edir, bunlardan 30 krediti UNEC-in professor-müəllim heyəti tərəfindən Yunanıstanda tədris edilir. Proqram çərçivəsində magistr hazırlığı ilə yanaşı, akademik mübadilə və birgə elmi tədqiqatlar aparılır. 2019-cu ildə imzalanmış növbəti əməkdaşlıq müqaviləsinə əsasən, birgə magistr proqramının müddəti 2024-cü tədris ilinədək 5 il müddətinə uzadılıb.

Xəbər lenti