Logo

Tələbələr “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Yay təcrübə proqramında - FOTOLAR

26.05.2022 16:12 391 baxış
IMG

Mayın 26-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüquq və təşkilati təminat şöbəsinin müdiri Emil Məmmədov və İdarə heyətinin sədrinin İnsan Resursları üzrə müşaviri Vüsalə Abbasova Bakı Slavyan Universitetində (BSU) tələbələrlə görüşüblər.

Tehsil.biz xəbər verir k,i tədbiri giriş sözü ilə açan BSU-nun Mətbuat və informasiya mərkəzinin müdiri Zeynab Kazımova qonaqları salamlayaraq, görüşün məqsədinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Yay təcrübə proqramı ilə tanışlıq olduğunu diqqətə çatdırıb. O, tələbələr üçün yaradılan bu imkanın iki qurum arasında əlaqələri inkişaf etdirəcəyinə və əməkdaşlığın davamlı olacağına ümid etdiyini bildirib.
Tədbirdə çıxış edən Tərcümə fakültəsinin dekanı, dosent Nurlana Nağıyeva bu görüşün tələbələrin gələcək karyeralarının qurulmasında böyük rolu olacağına inamını ifadə edib.

Sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüquq və təşkilati təminat şöbəsinin müdiri Emil Məmmədov tariximiz üçün müstəsna əhəmiyyətə malik olan İçərişəhərin tarixi, buradakı tarixi, maddi mədəniyyət nümunələri olan abidələr barəsində məlumat verib. Həmçinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən mərkəzlərdən, onların fəaliyyət istiqamətlərindən, qarşısında duran məqsədlərdən danışıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədrinin İnsan Resursları üzrə müşaviri Vüsalə Abbasova Qoruq İdarəsinin təşkil etdiyi yay təcrübə proqramının mahiyyəti barədə təqdimatla çıxış edib, tələbələr üçün yaradılan imkanlardan söz açıb.

 

Xəbər lenti