Gəncə Tibb Kollecində 28 May-Müstəqillik Günü qeyd olunub.
Tehsil.biz xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkili Pərvin Kərimzadə, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev və digər rəsmilər iştirak ediblər.
Tədbirdən öncə qonaqlar Gəncə Tibb Kollecində yaradılan yeni laboratoriyalara baxış keçiriblər. Mehman Rzayev məlumat verib ki, kollecdə tələbələrin praktik məşğələlər keçməsi və əyani şəkildə biliklərə yiyələnməsi üçün imkanlar xeyli yaxşılaşdırılıb. O bildirib ki, artıq yeni laboratoriyalarda tibbi bacarıqlar praktik olaraq robot-maniken üzərində həyata keçirilr. Bununla yanaşı, TİKA tərəfindən yaradılan “Əczakimya analitik laboratoriyası"nın tezliklə istifadəyə veriləcəyini qeyd edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mehman Rzayev tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, bu il müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104 illiyi tamam olur. Bildirib ki, iki ilə yaxın mövcud olmuş AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoyub. 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa edib. Bu gün Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq uğurla davam etdirilir. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarımız azad edilib. Artıq Azərbaycan ikinci ildir ki, 28 May - Müstəqillik Gününü öz ərazi bütövlüyünü təmin etmiş qalib dövlət kimi qeyd edir.
Tədbirdə iştirak edən tələbələr söylədikləri şeirlər, ifa etdikləri mahnılar ilə Vətənə olan sevgilərini nümayiş etdiriblər. Tələbələr tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirə daha da rəngarərənglik qatıb.
Sonda dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlər nümayiş olunub.