Tatarıstandakı “Bürc-Ulduzlar Topası” festivalının Art-iqamətgahında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının premyerası keçirilib.
Tehsil.biz xəbər verir ki, tamaşa Rusiyanın əməkdar incəsənət xadimi, Şukin adına Teatr İnstitutunun kafedra müdiri, rejissor Mixail Borisovun quruluşu əsasında səhnələşdirilib. Tamaşanı bərpa etmək təşəbbüsü ilə mərhum Mixail Borisovun yetirmələri olan Art- iqamətgahın baş rejissoru Dmitri Tumanov və bədii rəhbəri Dmitri Platonov çıxış ediblər. Onlar ustadlarının ideyasını müasir reallıqlara və teatrın imkanlarına uyğunlaşdırmaqla qoruyub saxlamağa çalışıblar.
Yerli ictimaiyyətin, Azərbaycan diasporunun və sənətsevərlərin qatıldığı tamaşanın premyerası anşlaqla qarşılanıb.
Tatarıstan Respublikası Azərbaycanlılarının Regional İctimai Birliyinin sədri Bəhram Mustafayev görkəmli Azərbaycan bəstəkarının irsinə müraciət etdikləri üçün teatr rəhbərliyinə minnətdarlığını bildirib. “Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyətinin korifeyidir. Biz çox şadıq ki, indi Azərbaycanın bir parçası burada, bu divarlar arasındadır. Tatarıstanda xalqımızın nümayəndələrinin iştirakı ilə bir çox tədbirlər keçirilir. Lakin bəlkə də respublika tarixində ilk dəfədir ki, mədəniyyətimiz bu qədər yüksək peşəkar səviyyədə təqdim edilir. Atmosfer, geyimlər, aktyor oyunu və tamaşaçıların aksiyada fəal iştirakı – bütün bunlar bizim vətənimizdə olduğumuza dair tam hiss yaratdı”, - deyə soydaşımız öz təssüratlarını bölüşüb.
Azərbaycan diasporunun təşəbbüsü ilə tamaşa çərçivəsində milli mədəniyyətimizin və mətbəximizin nümunələrini nümayiş etdirən sərgi də təşkil edilib.