Logo

Qazaxıstanlı tələbələr ATU-da təcrübə keçiblər

26.05.2022 23:31 443 baxış
IMG

S.D.Asfendiyarov adına Qazax Milli Tibb Universiteti Stomatologiya fakültəsinin 20 nəfər IV kurs tələbəsi universitetlərimiz arasındakı bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində 10 gün ərzində ATU-nun Stomatologiya fakültəsinin Ağız və üz-çənə cərrahiyyəsi, Terapevtik stomatologiya, Ortopedik stomatologiya və Uşaq stomatologiyası kafedralarında həkim-stomatoloq köməkçisi qismində təcrübə keçiblər.

Tehsil.biz xəbər verir ki, tələbələr bu kafedralarda seçdikləri ixtisasa uyğun təlimlərdə iştirak edib, aparılan əməliyyatlara qatılıb və innovativ müalicə üsulları ilə yaxından tanış olublar. Sonda onların bilik və bacarıqları qiymətləndirilib.

Təcrübənin sonuncu günündə qonaq tələbələrlə görüş keçirilib. Görüşdə Stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov və mübadilə proqramları üzrə koordinator Dünya Bayramova iştirak ediblər. Qazaxıstanlı tələbələr ATU-da olduqları bu müddət ərzində keçdikləri təcrübə dərslərindən razı qaldıqlarını söyləyib, onlara yaradılan hərtərəfli şərait və yüksək qonaqpərvərliyə görə ATU rəhbərliyinə, xüsusi olaraq universitetin rektoru, professor Gəray Gəraybəyliyə təşəkkür ediblər.

Onlar qeyd ediblər ki, burada təcrübə zamanı əldə etdikləri bilik və bacarıqlar gələcək peşə fəaliyyətləri zamanı böyük əhəmiyyət kəsb edəcək. Görüş qonaq tələbələrə müvafiq sertifikatların təqdim olunması ilə başa çatıb.

Xəbər lenti