Logo

BSU-nun tələbələri Müstəqillik Günü ilə bağlı tədbir keçiriblər - FOTOLAR

27.05.2022 09:42 353 baxış
IMG

Mayın 25-də Bakı Slavyan Universitetinin (BSU) Filologiya fakültəsinin Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbdə pedaqoji təcrübə keçən IV tədris ili tələbələri həmin məktəbin şagirdləri ilə birlikdə 28 May-Müstəqillik Günü münasibətilə "Bir kərə yüksələn bayraq bir daha enməz!" adlı tədbir keçiriblər.

Tehsil.biz xəbər verir ki, tədbiri BSU-nun və orta məktəbin müəllimləri, əməkdaşları, şagirdləri izləyiblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, həmçinin Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə məktəbin şagirdləri Vətənə, xalqa həsr olunmuş şeirlər və mahnılar səsləndiriblər. Dövlət müstəqilliyimizin tarixi haqqında məlumat verilib, "Bayraq" və "İncəlik" rəqsləri, "Cənab leytenant" , "Azərbaycan" mahnıları şagirdlərin ifasında təqdim edilib, X sinif şagirdi üçrəngli bayrağımızı öpərək Hərbi Andı oxuyub.

Məktəbin direktoru Nəcibə Axundova BSU-nun bu təhsil müəssisəsində pedaqoji təcrübə keçən tələbələrinin fəaliyyətindən razı qaldığını bildirib və buna görə universitetin rəhbərliyinə təşəkkür edib.

Sonda məktəbin direktor müavini Nazilə Əliyeva məktəbin ictimai həyatında fəal iştirak etdiklərinə görə tələbələrə tərifnamə təqdim edib.

Xəbər lenti