Logo

Təhsil Tələbə Krediti Fondunun nümayəndələri BMU tələbələri ilə görüşüb

27.05.2022 10:24 285 baxış
IMG

Təhsil Nazirliyinin tabeliyindəki Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, təbliğat, təşviqat və maarifləndirmə məqsədilə keçirilən görüşdə prorektor Həmzəağa Orucov təhsil tələbə kreditlərinin yaratdığı imkanlardan danışıb. Tələbələri mütləq bu fürsətdən yararlanmağa və daha yaxşı oxuyaraq güzəştlərdən istifadə etməyə çağıran prorektor təhsil tələbə krediti haqqında fikirlərini və təkliflərini səsləndirib.

TTKF-nin İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli müvafiq Fərmanı ilə yaradılmış qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etmək olduğunu önə çəkib və tələbələrin daha yaxşı oxuması üçün təhsil tələbə kreditini mükəmməl fürsət kimi qiymətləndirib.

Fondun əməkdaşı Günay Baxışova müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları, təhsil tələbə kreditlərinə tətbiq edilən güzəştlər, möhlət dövrləri barədə zəruri informasiyaları diqqətə çatdırıb.

Sonra görüşdə Fondun rəsmiləri Bəhruz Əzimov, Günay Baxışova, Fatimə Abdullayeva və Emin Şeydayev verilən sualları cavablandırıblar, eyni zamanda səslənən təkliflər ətrafında geniş müzakirələr aparılıb.

Xəbər lenti