Logo

Zəngilanda müəllim şagirdi niyə döyüb? - RƏSMİ AÇIQLAMA

27.05.2022 11:05 1233 baxış
IMG

18 may 2022-ci il tarixində Zəngilan rayon 35 nömrəli tam orta məktəbin müəllimi Hüseynova Məhsəti Cəlilağa qızı tərəfindən məktəbin VIII sinif şagirdi Həsənli Aqşin Azad oğluna şiddət tətbiq olunması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, araşdırma zamanı musiqi dərsi zamanı bir qrup şagirdlərin intizam qaydalarına əməl etməyərək məlum olmayan səbəbdən gülməklə tədris prosesini pozduqları məlum olub: "Həmin sinifdə dərs aparan Məhsəti Hüseynova şagirdləri dəfələrlə məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyə çağırsa da, şagird Həsənli Aqşin tutulan iradlara məhəl qoymayıb, başındakı papağı çıxarmayaraq, nümayişkaranə şəkildə saqqız çeynəyərək şagirdlərin və müəllimin diqqətini tədris prosesindən ayırmağa çalışıb, dərsin aparılmasına ciddi maneçilik törədib. Bütün bunlara baxmayaraq, müəllim Məhsəti Hüseynova şagirdə qarşı qeyri-pedaqoji hərəkətə yol vermək istəməyib və müəllimlərin etik davranış qaydalarına əməl etməyə çalışıb. Lakin şagird Həsənli Aqşinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, papağını çıxarmaması, nümayişkarənə şəkildə saqqız çeynəməsi və davamlı olaraq yersiz gülməsi, uşaqların diqqətini dərsdən ayırması müəllimi sosial şəbəkələrdə yayılmış formada (şagirdin papağını çıxartmağa cəhd) hərəkət etməyə vadar edib".

Nazirlikdən həmçinin bildirilib ki, Məhsəti Hüseynova 2021-ci il tarixindən müddətli əmək müqaviləsi ilə 14 iyun 2022-ci il tarixinədək Zəngilan rayon 35 nömrəli tam orta məktəbdə musiqi müəllimi olaraq işə qəbul edilib: "Aparılan söhbətlər zamanı onun məktəbdə işlədiyi qısa müddət ərzində şagird və müəllim kollektivi arasında öz bilik, bacarıq və mənəvi-əxlaqi keyfiyyətləri ilə seçildiyi bildirilib. Həmçinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin məlumatında qeyd olunub ki, Məhsəti Hüseynova Vətən müharibəsi şəhidi - əslən İmişli rayonundan olan mayor Süleymanov Emin Bəhmən oğlunun həyat yoldaşıdır. Hazırda müəllimin himayəsində 2 məktəbyaşlı övladı var. Məhsəti Hüseynova haqqında sosial şəbəkələrdə yayılmış məlumatlar tam olaraq təqdim olunmuş formada deyil".

Xəbər lenti