Logo

BDU-nun Hüquq fakültəsində İkram Kərimovla görüş keçirilib

27.05.2022 11:19 453 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının “Cinayətkarlıqla mübarizədə nəzəri və praktiki mübadilə” adlı layihəsinin ilk tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev layihənin ilk qonağı, "Şöhrət" və “Şərəf nişanı” ordeni, “Tərəqqi” və “Əmək veteranı” medalları ilə təltif olunmuş, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası İkram Kərimov haqqında məlumat verib. Bildirib ki, İkram Kərimov 1961-1966-cı illərdə Hüquq fakültəsində təhsil alıb. Müxtəlif dövrlərdə məhkəmə və prokurorluq orqanlarında çalışaraq, cinayətkarlıqla mübarizədə çoxillik və səmərəli təcrübə toplayıb. O, prokurorluq orqanlarında müstəntiq, mühüm işlər üzrə müstəntiq, rayon prokuroru, Bakı şəhər prokurorunun 1-ci müavini - istintaq şöbəsinin rəisi vəzifələrində çalışıb. İkram Kərimov həmçinin Bakı şəhər məhkəməsinin, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrində işləyib.

Əməkdar hüquqşünas İkram Kərimov öz peşə fəaliyyəti, cinayətkarlıqla mübarizədə keçdiyi zəngin həyat təcrübəsi, çətin açılan bir çox cinayət hadisələri haqqında məlumatları tələbələrlə bölüşüb. O, gələcəyin hüquqşünaslarına praktiki fəaliyyətlərinə dair məsləhət və tövsiyələr verib, sonra onların çoxsaylı suallarını cavablandırıb.

Tədbirin təşkilatçısı, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, professor  Şəhla Səmədova sonda qeyd edib ki, İkram Kərimov hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmaqla yanaşı, gənc hüquqşünasların yetişdirilməsinə də hər zaman öz töhfələrini verib.  O, müxtəlif illərdə dəfələrlə BDU-nun Hüquq fakültəsində və Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib,  Ali Məhkəmə və Polis Akademiyası yanında Elmi-Məsləhət şuralarında üzv olub. Hazırda da İkram Kərimov Vəkillər Kollegiyası Ağsaqqallar Şurasının sədri, Azərbaycan Banklar Assosiasiyasının Bank Ombudsmanıdır. Sonda BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının “Cinayətkarlıqla mübarizədə nəzəri və praktiki mübadilə” adlı layihəsinin ilk qonağı olmuş İkram Kərimova Azərbaycan Respublikası cinayət qanununun məhkəmə praktikasında tətbiqi və inkişafında əvəzsiz xidmətlərinə görə "BSU Criminal Law Association"a  fəxri üzv diplomu təqdim edilib.

Tədbirdə AMEA-nın müxbir üzvü Məsumə Məlikova,  professorlar Habil Qurbanov, İzzət Rüstəmov, Kamil Səlimov və digərləri İkram Kərimova maraqlı çıxışına görə təşəkkürlərini bildiriblər.

Xəbər lenti