Logo

Gəncə Dövlət Universitetində “Məzun günü” keçirilib - FOTOLAR

27.05.2022 12:11 415 baxış
IMG

Gəncə Dövlət Universitetində “Məzun günü” ilə əlaqədar tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının nümayəndələri və digər rəsmilər, universiteti bitirən yüzlərlə bakalavr və magistr, habelə 44 günlük Vətən Müharibəsində iştirak edən universitet tələbələri və şəhid valideynləri iştirak ediblər. 

“Məzun günü” münasibətilə keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar və müstəqil dövlətimizin daha da çiçəklənməsi naminə səy və bacarıqlarını əsirgəməməyi arzulayıb.  

GDU-nun rektoru, professor Yusif Yusibov bu il universitetdən 1928 tələbə və magistrin məzun olduğunu diqqətə çatdırıb. O, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, GDU-nun əldə etdiyi nailiyyətlərdən danışıb. Otuz ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə böyük Qələbənin qazanılmasında gənclərin rolundan söz açan natiq Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın, o cümlədən GDU-nun 16 şəhid məzununun xatirəsinin daim əziz tutulduğunu qeyd edib. Gənclərə öz tövsiyələrini verən rektor vurğulayıb ki, builki məzunlar xoşbəxtdirlər. Ona görə ki, qalib xalqın məzunlarıdırlar. Onlar həmişə öz dövlətləri, xalqı və qəhrəmanları ilə qürur duymalıdırlar. 

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Millət Vəkili Pərvin Kərimzadə, şəhid Rauf Hacıyevin anası Brilliyant Hacıyeva, universitetin tələbəsi, 44 günlük Vətən Müharibəsində qazi olmuş Tural Zeynalov və başqaları çıxış edərək məzunlara ən xoş arzularını çatdırıblar. 

Sonra mükafatlandırma mərasimi baş tutub. Universitetin ictimai-siyasi həyatında fəallıq göstərən, təhsildə fərqlənən bir qrup məzuna fəxri fərman təqdim olunub. Məzunlar qonaqlarla xatirə şəkli çəkdirdikdən sonra böyük bayram konserti olub. Tədbir iştirakçıları səhnədə universitet tələbələrinin ifasında səsləndirilən “Azərbaycan”, “Azərbaycan bayrağı”, Qalib sərkərdə” və sair qəhrəmanlıq mahnılarını, eləcə də rəqs qrupu üzvlərinin çıxışlarını alqışlarla qarşılayıblar.

Xəbər lenti