Logo

BŞTİ rəhbərliyinin valideynlərlə görüşü davam edir

27.05.2022 12:36 300 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) rəhbərliyinin valideynlərlə görüşü davam edir.

Tehsil.biz xəbər verir ki, növbəti görüş Sabunçu, Xəzər və Pirallahı rayon məktəblərini təmsil edən valideynlərlə keçirilib.

90 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva məktəb-ailə, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan, valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.

Valideynləri məktəblə münasibətlərdə daha fəal olmağa səsləyən İdarənin struktur bölmə rəhbərləri müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında fikirlərini bildiriblər.

Görüş zamanı valideynlərə məktəbin fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və səmərəli fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd məktəb-ailə, müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, çevik ünsiyyət platforması formalaşdırmaqdan ibarətdir.

Xəbər lenti