Bu gün Bakı Dövlət Universitetində (BDU) məşhur alim, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyevin təqdimatında “Koronavirusa qarşı peyvəndin hazırlanmasında müasir yanaşmalar” mövzusunda onlayn ustad dərsi keçirilib.
İştirakçıları salamlayan Elmi Fəaliyyətin Təşkili və İnnovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov görüşün məqsədi barədə məlumat verib. Alimin araşdırmalarının dünya tibb elminə verdiyi töhfələrdən söz açaraq professorun elmi tədqiqatlarının əhəmiyyətindən danışıb. Tədqiqatında ilk dəfə olaraq malyariya parazitlərinin eritrositar mərhələsinin daxilində “rest state” dinclik vəziyyəti aşkar edildiyini, bunun epidemiologiya və kimyəvi terapiyada mühüm rola mailk olduğunu nəzərə çatdırıb. M.Süleymanov qeyd edib ki, A.Allahverdiyev müxtəlif beynəlxalq jurnallarda dərc edilən 180-dən çox elmi məqalənin, bir neçə ixtiranın, səmərələşdirici təkliflərin, Amerika və Avropada nəşr edilən kitabların müəllifidir.
Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev 44 gün davam edən Vətən Müharəbəsində əldə olunan qələbə və əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə iştirakçıları təbrik edərək ölkəmizin haqq savaşının Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq mərhələ kimi qiymətləndirib.
Professor Azərbaycanda yeni növ koronavirusla mübarizənin inkişaf etmiş dövlətlərlə müqayisədə daha yaxşı təşkil olunduğunu vurğulayaraq “Koronavirusa qarşı peyvəndin hazırlanmasında müasir yanaşmalar” mövzusunda onlayn ustad dərsi verib. Alim COVID-19 infeksiyasının molekulyar diaqnostikası və müalicə üsulları, virusun genomu, quruluşu, mənşəyi, xəstəlik əlamətləri, koronavirusların replikasiyası və molekulyar divergensiyası, eyni zamanda vaksinlərin hazırlanması, DNT vaksinlərinin effektivliyi, koronavirusların MERS və SARS növləri barəsində təqdimatla çıxış edərək bir çox məsələlərə aydınlıq gətirib.
Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev professor Adil Allahverdiyvə maraqlı ustad dərsi üçün təşəkkür edib, gələcəkdə BDU ilə birgə yeni layihələrə imza atacaqlarına əminliyini ifadə edib.
Adil Allahverdiyev də öz növbəsində BDU-nun professor-müəllim heyəti və tələbələri qarşısında çıxış etməkdən məmnun olduğunu qeyd edib.