2022-ci ilin 24-26 may tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 May Müstəqillik Günü”nə həsr edilən idman oyunları çərçivəsində voleybol üzrə qızlar arasında şəhər çempionatı keçirilib.
Tehsil.biz xəbər verir ki, üç gün davam edən çempionatda MDU, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kollecinin tələbələri və Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin şagirdlərindən ibarət komandalar mübarizə aparıb. MDU-nu təmsil edən qızlardan ibarət voleybol komandası yarışın qalibi olub. Qalib komanda üzvləri kubok və diplomlarla mükafatlandırılıb.
Mayın 26-da MDU-nun rektoru Şahin Bayramov qalib komandanın üzvlərini qəbul edib. Şəhər çempionatında birincilik qazanan tələbələri təbrik edən Ş.Bayramov MDU-nu layiqincə təmsil etdiklərinə görə onlara təşəkkürünü bildirib və uğurlarının davamlı olmasını azulayıb.
Komanda üzvləri göstərilən etimada və diqqətə görə universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Müstəqillik Gününə həsr olunan idman oyunları şəhərdə idmanın təbliği və kütləviləşdirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi işinə töhfə məqsədilə keçirilib.