Mayın 27-də Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi və Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Azərbaycan Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan kinoloq ixtisası üzrə qısamüddətli təlimin yekunlaşması və kinologiya sahəsində perspektivlərin müzakirə edilməsi məqsədilə tədbir təşkil olunub.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, tədbir zamanı kinoloq ixtisası üzrə keçirilən təlim və əldə edilən nəticələr barədə məlumat verilib. Təlim iştirakçılarının müvafiq güc strukturlarında təcrübə və məşğulluq imkanları, təlim proqramının təkmilləşdirilməsinə dair təkliflər və əməkdaşlıq istiqamətləri müzakirə edilib. Tədbir iştirakçıları təlimin praktiki hissəsinin təşkil edildiyi Kinoloji Mərkəzin maddi-texniki bazası ilə tanış olublar.
Qeyd edək ki, kinologiya sahəsində təşkil edilən qısamüddətli təlimlərdə 10 nəfər iştirak edib. Praktiki bilik və bacarıqların əldə edilməsinə əsaslanan və 4 ay müddətində keçirilən təlimin nəzəri hissəsi Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissəsi isə Kinoloji Mərkəzin nəzdində keçirilib. Təlim zamanı iştirakçılar kinologiyanın tarixi, itlərə qulluq, dövlət orqanlarında xidməti kinologiyanın təşkili, itlərin anatomiyası və fiziologiyası, psixologiyası, xidməti axtarışa itlərin seçilərək uyğunlaşdırılması, axtarış itlərinin hazırlığı, itlərə tibbi yardım və s. kimi istiqamətlər üzrə bilik və bacarıqlar qazanıblar.