Mayın 27-də Gəncə şəhərində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə tabe bölgələrin bir qrup ibtidai sinif müəllimi ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə Gəncə, Samux, Göygöl, Daşkəsən, Goranboy və Naftalan üzrə ümumi təhsil müəssisələrində çalışan direktor və ibtidai sinif müəllimləri iştirak edib.
Giriş nitqi ilə çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev qonaqları salamlayaraq görüşün mahiyyəti barədə məlumat verib.
Daha sonra çıxış edən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov Nazirliyin təhsilverənlərin sertifikatlaşdırılması prosesini təşkil etməkdə məqsədi barədə danışıb.
Daha sonra İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva sertifikatlaşdırma prosesi ilə bağlı təqdimatla çıxış edib və ətraflı məlumat verib.
Çıxış edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlərini bölüşüb. Təhsil Nazirliyi tərəfindən sertifikatlaşdırma prosesində iştirak edəcək təhsilverənlərə dəstək tədbirlərinin görüləcəyi də vurğulanıb.