Lənkəran Dövlət Universitetində (LDU) 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, “28 May – Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda keçirilən tədbiri universitetin “Tarix-coğrafiya və incəsənət” fakültəsinin dekanı dos.ZaurMəmmədov açıb.
Müsəlman Şərqində ilk demokratik respublika hesab edilən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi münasibətilə tədbir iştirakçılarını universitetin rektoru professor Natiq İbrahimovun adından təbrik edən Zaur Məmmədov 28 Mayı Azərbaycan tarixinin şanlı səhifəsi, qürur tarixi adlandırıb. Bildirib ki, Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət - 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib, Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikası yaradılıb.
“İbtidai təhsil və məktəbəqədər təlim kafedrası”nın professoru, fil.ü.e.d. Yədulla Ağazadə “Ədəbiyyatımızda Cümhuriyyət ideyaları”, “Tarix və onun tədrisi metodikası” kafedrasının əməkdaşı, tar.ü.f.d. Mayis Cəfərov “Qafqazda siyasi proseslər və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması”, LDU Tələbə gənclər təşkilatının sədri Aytac Tacibzadə “Cümhuriyyətin şanlı tarixi”, Tarix fənninin tədrisi metodikası və metodologiyası ixtisası 1-ci tədris ili tələbəsi Bikə Cabbarova “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti” mövzusunda çıxış ediblər.
Çıxışlarda bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür, qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur.
44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında qazanılan Zəfər, LDU-nun şəhid və qazi məzunları barədə də tədbirdə geniş danışılıb.