Logo

Ali təhsilini yarımçıq qoyub Vətənin müdafiəsinə yollanan şəhidimiz

09.01.2021 16:26 202 baxış
IMG

"Qarabağ Azərbaycandır!" deyərək Ali Baş Komandanın "İrəli!" əmrini layiqincə yerinə yetirən, Vətən torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan igidlərimizdən biri də Elmir Akifzadədir. Ali təhsilini yarımçıq qoyaraq Vətən müharibəsinə könüllü yollanan Elmirin 23 yaşı vardı...

 

Tehsil.biz AZƏRTAC-a istinadən bildirir ki, Akifzadə Elmir Gündüz oğlu 1997-ci il sentyabrın 1-də Masallı rayonunun Banbaşı kəndində dünyaya göz açıb. 2015-2016-cı illərdə hərbi xidmətdə olan Elmir sonra Rusiya Federasiyasının Kazan şəhərinə yollanıb. Elə həmin il burada ali təhsil ocaqlarından birinə qəbul olur. 2020-ci ilin iyul ayında işğalçı Ermənistan ordusunun cəbhə xəttində növbəti təxribatına hiddətlənərək, Tovuz döyüşlərində iştirak etmək üçün Kazan şəhərində təhsilini yarımçıq qoyub Azərbaycana qayıdır. İyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayonunda yerləşən şöbəsinə müraciət edərək, müharibə olarsa könüllü döyüşə getmək istədiyini bildirir.

 

Şəhid anası İlhamə Qədiməliyeva oğlunun vətənpərvərliyindən danışarkən deyib: "Sentyabrın 27-si idi. Elmir dedi ki, ana, mən döyüşlərə gedəcəyəm. Əgər mən şəhid olsam, məzar daşıma ən gözəl şəklimi vurarsan. Özün seçərsən, dedi. İki gün sonra, 29-u yola düşdü. Dedim heç olmaya 2 gün gec get, ona da razı olmadı".

 

Tovuz döyüşləri zamanı komandiri və həmyerlisi olan mayor Anar Novruzovun şəhid olması Elmirin ürəyində düşmənə nifrəti daha da artırır. Dayısı İbrahim Əhmədov deyir ki, o, bundan hiddətlənərək hücum əmri veriləcəyi günü səbirsizliklə gözləyirdi: "Tovuz hadisələrindən sonra Elmirin intiqam hissi həddindən artıq artmışdı. Generalımız Polad Həşimovun, Elmirin komandiri olmuş Anar Novruzovun şəhidliyindən sonra onda ümumiyyətlə düşmənə qarşı dərin nifrət hissi oyanmışdı. Elə çalışırdı ki, tez bir zamanda cəbhəyə yollansın. Bu məqsədlə hərbi komissarlıqda qeydiyyatdan keçdi. Sentyabrın 27-də müharibənin başlanması Elmirə elə bil ki, bir şans verdi və o, öz arzusuna çatdı. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Onlar elə bir tarix yazdılar ki, bu, heç zaman unudulmayacaq".

 

İki bacının bir qardaşı olan Elmir 23 yaşında şəhidlik zirvəsində ucalır. Bacısı Çinarə Cəfərova deyir ki, qardaşının ömrü qısa oldu, amma o, bu ömrə çox şey sığdıraraq dünyadan getdi: "Mənim üçün çox çətindir, amma onunla fəxr edirəm. Fəxr edirəm ki, belə bir qardaşım olub. Onunla qürur duyuram. Özümlə də qürur duyuram ki, belə bir oğulun, belə bir igid qəhrəmanın bacısıyam".

 

Tarix yazan Ordumuzun sıralarına Elmir sentyabrın 29-da qoşulub. Oktyabrın 7-də Xocavənd-Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Silahdaşı və həmkəndlisi Samir Məmmədov deyir: "Ordu sıralarına sentyabrın 29-da qoşulduq. Elmirlə birlikdə Ağcabədidə hərbi hissədə olduq. Elmir tezliklə döyüşə atılmaq istəyirdi, həmişə irəli getmək istəyirdi. Biz əmr gözləyirdik və o əmr oktyabrın 7-si gəldi. Füzuli, Cəbrayıl istiqamətində döyüşlərə girdik. Cəbrayılda vağzal istiqamətində hücuma keçmişdik. Düşmən xeyli itki verdi. Yanımıza düşən minamyot mərmisi nəticəsində Elmir şəhid oldu".

 

Elmir müzəffər Ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Xəbər lenti