Logo

BANM-də 28 May – Müstəqillik Günü qeyd edilib - FOTOLAR

28.05.2022 10:02 395 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104 illiyi münasibətilə hər kəsi təbrik edib. Rektor 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan AXC-nin Azərbaycan xalqının tarixində önəmli mərhələ olduğunu qeyd edərək bildirib ki, tarixin çətin dövründə parlamentli demokratik dövlət qurmaq əsl qəhrəmanlıq idi:

“Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə bir çox sahələrdə ilklərə imza atdı və qısa müddətdə tarix yazdı. Dövlətçiliyə xas olan bütün atributlar yaradıldı, Azərbaycanda ilk universitet fəaliyyətə başladı, ordu quruldu, ölkədə qadınlara seçib-seçilmək hüququ verildi. Bütün bunlar qısa müddət ərzində həyata keçirilən tarixi addımlar idi. Sovet hakimiyyəti qurulduqdan sonra da 70 il ərzində xalq öz milli ruhunu qorudu, tarixinə sahib çıxdı və Xalq Cümhuriyyətinin bizə miras qoyduğu dəyərləri qorudu. Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. 70 ildən sonra ilk dəfə Azərbaycanın üçrəngli bayrağı 17 noyabr 1990-cı ildə Naxçıvanda dalğalandırıldı. Bu müstəqilliyi, bu Bayrağı qorumaq bizim borcumuzdur. Çünki bu bayraq uğrunda minlərlə can qurban olub, şəhidlər vermişik”.

Rektor tələbələrə müraciət edərək tariximizi dərindən öyrənməyi və ona sahib çıxmağı tövsiyə edib.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən “Son iclas” sənədli-bədii filmi nümayiş etdirilib. Ekran işi Azərbaycan Parlamentinin son iclası fonunda Cümhuriyyətin bütün dövrünə nəzər salır, tarixi sənəd və faktlar əsasında Cümhuriyyət qurucularının qeyri-bərabər şəraitdə müstəqilliyin qorunması üçün necə çətin mübarizə apardığını göstərir. 

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi və “bp Azerbaijan” şirkətinin sponsorluğu ilə Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi filmin baş prodüseri Arzu Əliyevadır.

Xəbər lenti