AMEA Gəncə Bölməsi tərəfindən 1920-ci ilin may ayında bolşevik istilasına qarşı Gəncə üsyanının 102-ci ildönümünə həsr olunan “Gəncə üsyanı – azadlığın bayraqdarıdır” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Tehsil.biz xəbər verir ki, konfransdakı giriş sözündə AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev tariximizin şərəfli səhifələrindən olan, xalqımızın əyilməzlik simvollarından biri kimi xarakterizə edilən, 1920-ci ildə bolşevizmə qarşı Gəncədə alovlanan üsyanın mahiyyəti və onun vətənpərvərlik nümunəsi kimi təbliği və elmi tədqiqi məsələlərindən danışıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev bu elmi konfransın yüksək səviyyədə keçdiyini bildirərək, onun təşkilatçıları və iştirakçılarına təşəkkürlərini çatdırıb. O, həmçinin AMEA Gəncə Bölməsində bu cür dəyərli elmi tədbirlərin mütəmadi keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.
Respublika elmi-praktik konfransına onlarla tədqiqatçı öz məruzələrini təqdim edib. Məruzələr “1920-ci il Gəncə üsyanı haqqında xarici tarixşünaslıq”, “11-ci Qırmızı ordunun Gəncə qəzasında işğalçı fəaliyyəti (1920-ci il)”, “Azərbaycan-Rusiya münasibətləri tarixi rusdilli mənbələrdə” və digər mövzuları əhatə edib.
Konfransın yekununda AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev bu elmi tədbirin materiallarının tədqiqatçılar üçün faydalı olacağını qeyd edib. O, həmçinin Bölmə tərəfindən buraxılmış, Gəncə üsyanına dair sanballı araşdırma materiallarını özündə birləşdirən kitabı da təqdim edib.