Logo

ADPU-nun Quba və Ağcabədi filiallarında Müstəqillik Günü qeyd olunub

29.05.2022 18:12 438 baxış
IMG

Mayın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Gənc Alimlər və Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 104 illiyi münasibətilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Şuşa: Böyük zəfərdən böyük qayıdışa” adlı elmi-praktik konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra filialın direktoru dosent Yusif Alıyev çıxış edərək iştirakçılara uğurlar arzulayıb və Azərbaycanın dünəni, bu günü və gələcəyi haqqında danışaraq Böyük Zəfər haqqında öz düşüncələrini ifadə etmiş və bu mövzuda elmi-praktik konfransların təşkilinin əhəmiyyətini vurğulayıb.

Daha sonra konfrans iştirakçıları Şuşa və Azərbaycan tarixi ilə bağlı müxtəlif mövzulara həsr olunmuş məqalələrlə çıxış ediblər.

ADPU-nun Ağcabədi filialında da mayın 27-də AXC-nin yaranmasının 104-cü ildönümünə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixində yeri” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Mobil Məcidov əlamətdar gün münasibəti ilə əməkdaşları təbrik edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyəti və həmin müddət ərzində gördüyü mühüm işlərdən danışıb. 

Sonra “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixində yeri” mövzusunda məruzə edən filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının dosenti Yaqub Səmədov AXC-nin yaranmasının tarixi labüdlüyündən, Şərqdə ilk demokratik cümhuriyyət kimi yadda qalmasından və Azərbaycan xalqının milli müstəqilliyini qazanmasının tarixi əhəmiyyətindən söz açıb.  Məruzə ətrafında çıxışlar dinlənilib.

Filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının müdiri  dosent Baxış Ələsgərov, tərbiyə işləri üzrə direktor müavini dosent Mahir Səlimov, “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının dosenti Sabir Məmmədov, baş müəllim Araz Əliyev də çıxış edərək Azərbaycan xalqının dövlətçilik tarixindən, xalqımızı müstəqilliyə aparan yolun keşməkeşlərindən danışıblar.

Xəbər lenti