Azərbaycan təhsil tarixinin ilk qadın pedaqoqlarından olan Zəhra xanım Ağayeva haqqında çox az məlumat var. Arxivlərdəki azsaylı sənədlər isə ziddiyətlidir. Bəzi mənbələrdə onun adı Zara, bəzilərində isə Zəhra və ya Zərintac kimi qeyd olunur.
Zəhra xanım 1918-ci ilin noyabrında ərizə yazaraq öz xahişi ilə işdən azad olunur. Səbəb kimi isə ana dilini yaxşı bilməməsi göstərilir. Lakin 1918-ci ilin dekabrında Maarif naziri N.b. Yusifbəyovun əmri ilə yenidən məktəbə qəbul edilərək pedaqoji fəaliyyətini davam etdirir.
XIX ərin sonu - XX əsrin əvvəllərində fəaliyyət göstərmiş tanınmış azərbaycanlı qadın pedaqoqlardan biri də Zəhra xanım Ağayevadır. Həmin dövrdə fəaliyyət göstərmiş bir sıra digər qadın pedaqoqlar kimi Zəhra xanım Ağayeva haqqında da cəmiyyətimizdə məlumat yoxdur. Ona görə də, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi və Dövlət Arxivindəki materialları araşdıraraq bu boşluğu doldurmaq istədik.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:
Tiflisdən başlayan təhsil yolu
Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi və Dövlət Arxivlərində saxlanılan “Bakı - Dağıstan xalq məktəblərinin rəhbərliyi”, “Bakı Şəhər İdarəsi”, “Bakı şəhəri 3-cü qızlar gimnaziyası”, “Xalq Maarif Komissarlığı “ fondlarında Zəhra xanım Ağayevanın pedaqoji fəaliyyəti haqqında müəyyən sənədlər qorunub saxlanılır. Bakı Şəhər İdarəsi nəzdindəki məktəb şöbəsi tərəfindən Zəhra xanım Ağayevanın adına tərtib edilmiş şagirdin şəxsi kartoçkasında olan məlumatlara əsasən, o, 1892-ci il noyabrın17-də Şuşa şəhərində, müsəlman zadəgan ailəsində anadan olmuşdur. Lakin sənəddə onun valideynlərinin adları qeyd edilməmişdir. Şagirdin şəxsi kartoçkasında yazılmış digər məlumatlara görə, Zəhra xanım 1909-cu ildə II Tiflis qadın gimnaziyasını bitirdikdən sonra təhsilini elə həmin şəhərdə fəaliyyət göstərən Ali qadın kurslarında davam etdirmişdir. O, Tiflisdə Ali qadın kurslarını bitirdikdən sonra - 1913-cü il sentyabrın 16-dan etibarən Bakıda şəhər ali-ibtidai məktəbində ştatlı müəllim vəzifəsinə təsdiq edilmişdir. Zəhra xanım Bakıda ali-ibtidai şəhər məktəbində rus dili, hesab, tarix, təbiət tarixi, coğrafiya və rəsmxət fənlərindən dərs demişdir. Şagirdin şəxsi kartoçkasında onun adı Zara kimi qeyd edilmişdir ki, bunu da həmin dövrdə xüsusi adların rusca göstərilməsində yol verilmiş texniki qüsur kimi də qiymətləndirmək mümkündür. Bəzi sənədlərdə onun adı Zəhra və Zərintac kimi də qeyd edilir.
Bakı Şəhər İdarəsinə göndərilən məktub
Arxiv sənədləri təsdiq edir ki, Zəhra xanım 1913-cü ildə Bakıya gələrək əvvəlcə qadın rus-tatar məktəbində, sonra isə şəhər ali-ibtidai məktəbində pedaqoji fəaliyyət göstərmişdir. Lakin onun Bakıda pedaqoji fəaliyyət göstərməsi heç də asanlıqla başa gəlməmişdir. O, buna nail olmaq üçün hələ Tiflisdə Ali qadın kurslarında oxuyarkən Bakı Şəhər İdarəsinin Məktəb Şöbəsinin sədri ilə məktubla əlaqə yaradaraq gələcək işini planlaşdırmağa nail olmuşdur. Zəhra xanım Ağayeva 1913-cü il mayın 22-də Tiflis şəhərindən Bakı Şəhər İdarəsinin Məktəb Şöbəsinin sədrinə ərizə göndərərək ona Bakıda hər hansı bir məktəbdə müəllimə vəzifəsinin verilməsini xahiş etmişdir. Bununla yanaşı, onun ərizəsində həmçinin qeyd edilirdi ki, o, gimnaziyanın 7 sinfini bitirdiyi haqqında şəhadətnaməyə və Ali Müəllimlər kursunun IV kursunda oxuduğunu təsdiq edən vəsiqəyə malikdir.
Məktəb Komissiyasında onun ərizəsinə baxıldıqdan sonra o, yeni açılacaq 2-ci rus-tatar məktəbinin ştatına daxil edilmişdir. Məktəb Komissiyası sədrinin məktubunda bildirilirdi ki, o, müəllimə vəzifəsinə qəbul edilmişdir və sentyabrın 16-dan işə başlamalıdır. Zəhra xanım həmin məktəbdə 16 sentyabr 1913-cü ildən 1915-ci ilin may ayının sonunadək pedaqoji fəaliyyət göstərmişdir. Məktəb Komissiyası sədrinin 1915-ci il mayın 29-da Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəbləri direktoruna Z.Ağayeva haqqında göndərdiyi məlumatda qeyd edilirdi: “Zəhra xanım 28 yanvar 1915-ci il tarixdə Tiflis Ali Qadın Kurslarını bitirərək 17 saylı attestat əldə etmişdir. Ali təhsil ocağını bitirmiş və müəllimə vəzifəsini daşıyan bir şəxs kimi onun Xalq Maarif Nazirliyinin 4 may 1914-cü il tarixli 3261 saylı qərarına uyğun olaraq ali-ibtidai məktəblərdə ştatda olan müəllimə vəzifəsini tutmağa ixtiyarı vardır”.
Arxiv sənədlərində ziddiyyətli məlumatlar
Arxiv sənədlərində Zəhra xanımla bağlı bəzi ziddiyyətli məlumatlar yer almışdır. Belə ki, Zəhra xanım 1918-ci ilin noyabrında ərizə yazaraq öz xahişi ilə işdən azad olunur. Səbəb kimi isə öz dilini yaxşı bilməməsi göstərilir. Lakin 1918-ci ilin dekabrında Maarif Naziri N.b. Yusifbəyovun əmri ilə yenidən məktəbə qəbul edilərək pedaqoji fəaliyyətini davam etdirir. Xalq Maarif Nazirliyinin Dəftərxanasının müdir müavini M.Kondratyevin Bakı 3-cü qadın gimnaziyasının pedaqoji şurasının sədrinə göndərdiyi 26 dekabr 1918-ci il tarixli 3725 saylı məktubunda qeyd edilirdi: “Xalq Maarif Nazirinin 259 saylı əmri ilə Zəhra xanım Ağayeva bu gündən etibarən sizə həvalə edilmiş gimnaziyada fizikadan dərs deməyə buraxılır”.
Arxiv sənədləri təsdiq edir ki, Zöhrə xanım Ağayeva xəstəlikdən əziyyət çəkirdi və müalicə olunmasına ehtiyac duyulurdu. Maarif Nazirinin 13 oktyabr 1919-cu il tarixli 423 saylı əmri ilə Zəhra xanıma əmək haqqı saxlanılmaqla bir aylıq məzuniyyətə çıxmağa icazə verilmişdir. Azərbaycan 1920-ci il aprelin 28-də XI Qırmızı Ordu tərəfindən işğal edilərək sovetləşdirildikdən sonra da Zəhra xanım Ağayeva 1-ci dərəcə 7-ci sovet qadın məktəbində və Bakı 6 aylıq müəllimlər kurslarında pedaqoji fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikasının təhsil tarixində rolu və izi qalmış bütün müəllim və pedaqoqlar bu gün də xalqımız tərəfindən böyük hörmət və ehtiramla yad edilir. Onların Azərbaycanda təhsilin və məktəb işinin geniş yayılmasında rolu danılmazdır.