Logo

Naxçıvan Dövlət Universitetinin kollektivi Xatirə Muzeyində olub

05.10.2020 16:24 468 baxış

Naxçıvan Dövlət Universitetinin (NDU) kollektivi muzey günləri çərçivəsində Xatirə Muzeyində olublar.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, muzeylə tanışlıq zamanı bələdçi mədəniyyət müəssisəsinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1997-ci ildə yaradıldığını bildirib. Muzey əvvəl Şəhidlər Muzeyi adı ilə fəaliyyət göstərib, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 may tarixli qərarına əsasən, mədəniyyət müəssisəsinin adı dəyişdirilərək Xatirə Muzeyi adlandırılıb. Hazırda muzeydə 2 mindən çox eksponat var. Onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Muzeydə erməni daşnaklarının Azərbaycan torpaqlarında törətdiyi qanlı cinayətləri, soyqırımları əks etdirən sənəd və materiallar, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının fotoşəkilləri, şəxsi əşyaları qorunub saxlanılır. Burada, eyni zamanda, Milli və Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və onlara aid digər materiallardan ibarət eksponatlar mühafizə və nümayiş etdirilir.

NDU-nun kollektivinə Naxçıvan Muxtar Respublikasının sərhədlərində baş verən döyüşlərdə Vətən oğullarının erməni təcavüzkarları ilə mübarizəsini əks etdirən eksponatlar haqqında da ətraflı məlumat verilib.

Sonda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, universitetin İncəsənət fakültəsinin dekanı Cavid İsmayılov 2018-ci il Günnüt zəfərində böyük şücaət göstərərək şəhid olmuş Adil Tatarovun portretini muzeyə hədiyyə edib.

Xəbər lenti