Logo

ADU-da “Azərbaycan-Çin elmi əlaqələri” mövzusunda tələbə seminarı keçirilib

31.05.2022 14:23 296 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çində Elm və Texnologiya İşçiləri Gününə həsr olunmuş “Azərbaycan-Çin elmi əlaqələri” adlı tələbə seminarı keçirilib.

ADU-dan bildirilib ki, seminarı giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Çinə tarixi səfəri, Çin İctimai Elmlər Akademiyasındakı çıxışı, səfər zamanı əməkdaşlıq, təbiət və ictimai sosial elmlər sahəsində Azərbaycan-Çin elmi əlaqələrinin əsasını qoyan və strategiyasını müəyyən edən texniki sazişin imzalanması barədə məlumat verib.

Qeyd olunub ki, ötən illər ərzində ölkələrimiz arasında elmi mübadilə uğurla inkişaf edib, Azərbaycanın akademik müəssisələrinin aparıcı alimləri Çində müxtəlif bilik sahələri üzrə keçirilən 100-ə yaxın elmi konfransda fəal iştirak edib, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Çin İctimai Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb, AMEA-nın Yüksək Texnologiyalar Parkında Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi yaradılıb. İki ölkənin ayrı-ayrı ixtisaslaşdırılmış elmi institutları arasında, o cümlədən Çinin Mühəndislik və Kənd Təsərrüfatı akademiyaları ilə birbaşa tərəfdaşlıq əlaqələri qurulub, AMEA Mərkəzi Elmi Kitabxanası və Çin Milli Kitabxanası arasında elmi və informasiya mübadiləsi aparılıb.

R.Abbasov, həmçinin qeyd edib ki, qədim İpək Yolu üzərində Azərbaycan-Çin ticarət və mədəni əlaqələrinin tarixinin öyrənilməsi ölkələrimiz arasında elmi əməkdaşlığın prioritet istiqamətləri olaraq qalır. AMEA-nın elmi müəssisələrində Çinin siyasi və iqtisadi inkişafının müasir problemləri araşdırılır. Çin İctimai Elmlər Akademiyasının aparıcı alimləri ADU-da “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı illik beynəlxalq elmi konfranslarda iştirak ediblər.

Bundan başqa. AMEA-nın institutlarında aparıcı çinli alimlərin iştirakı ilə qədim Çin fəlsəfəsi, siyasi, hüquqi və sosial-iqtisadi islahatlarda Çin təcrübəsi və Çinin modernləşmə siyasətinə həsr olunmuş ənənəvi elmi konfranslar keçirilir.

Seminarda ADU-nun çinşunas tələbələri qədim Çində elm və texnologiyanın, xüsusilə riyaziyyat, astronomiya, ipəkçilik texnologiyası, tibb, memarlıq, gəmiqayırma sahələrinin inkişafından danışıblar. Tələbələr, həmçinin XXI əsrdə Çinin strateji əhəmiyyətli elmi və texnoloji sahələrdə rəqabət qabiliyyətinin hərtərəfli artırılmasına yönəlmiş elmi və texnoloji tədqiqatların inkişafı üzrə dövlət proqramlarının həyata keçirilməsindən bəhs ediblər. Qeyd olunub ki, proqramların strateji məqsədləri elm və texnikanın yeni sisteminin yaradılması, fənlərarası tədqiqatların inkişafı, elm və texnikanın iqtisadiyyatla əlaqələndirilməsi mexanizminin formalaşdırılmasıdır.

Sonda “Çinin ən mühüm elmi və texnoloji nailiyyətləri” mövzusunda viktorina keçirilib.

Xəbər lenti